Ekspert: Layihənin optimallaşdırılması tikintinin keyfiyyətinə müsbət təsir edir
Bakı, 27 noyabr, AZƏRTAC
Layihənin optimallaşdırılması onların uğurunu təmin etmək və səmərəliliyini artırmaq üçün vacibdir. Möhkəm və strukturlaşdırılmış metod layihələrin optimallaşdırılmasında mühüm rol oynaya bilər. Belə ki, layihələrin optimallaşdırılması – tikinti layihələrinin daha funksional, gözoxşayan və dayanıqlı olması, tikintinin maya dəyərinin aşağı düşməsi üçün edilən texniki və yaradıcı təkmilləşdirmələrdir.
Tikinti üzrə ekspert Anar Qurbanov AZƏRTAC-ın layihələrin optimallaşdırılmasının tikintinin keyfiyyəti və maya dəyərinin azalmasında oynadığı rol ilə bağlı sualına cavab olaraq bildirib ki, bu proses həm layihənin keyfiyyətini artırır, həm də tikinti şirkətlərinin xərclərini nəzərəçarpacaq dərəcədə azaldır.
“Optimallaşdırma adətən layihənin müxtəlif bölmələri üzrə təhlil aparmaqla həyata keçirilir və nəticədə təhlükəsizlik, erqonomika, eləcə də maliyyə göstəriciləri təkmilləşdirilir. Layihə yoxlanılır və əgər optimallaşdırma imkanı varsa, edilən dəyişikliklər nəticəsində yaranan qənaətin 2–8 faizi xidmət haqqı kimi hesablanır. Tikinti şirkətləri yalnız real qənaət olduqda ödəniş etdiyi üçün bu model riskləri minimuma endirir. Optimallaşdırma, MTK-ların satdıqları mənzillərin maya dəyərini azaltmaqla onların satış qiymətlərini daha rəqabət qabiliyyətli etmək imkanı yaradır. Aparılan tədqiqatlar göstərir ki, keçmiş SSRİ respublikalarında tikinti proseslərinin hələ tam modernləşməməsi optimallaşdırma potensialını daha da artırır”, - deyə Anar Qurbanov vurğulayıb.
Ekspert, həmçinin qeyd edib ki, optimallaşdırma Bakı şəhərində tikinti layihələrinin maya dəyərini azaltmaqla mənzillərin satış qiymətlərinin ucuzlaşmasına və bazarda daha əlçatan təkliflərin formalaşmasına şərait yarada bilər.