“Ekspert novostey” qəzetində “Xocalı faciəsi” sərlövhəli analitik məqalə dərc olunub
Kişineu, 26 fevral, AZƏRTAC
Moldovada çıxan nüfuzlu “Ekspert novostey” qəzetində tanınmış jurnalist Sergey Ryabininin Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş geniş məqaləsi dərc olunub. Bu barədə AZƏRTAC-a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat veriblər.
“Xocalı faciəsi” sərlövhəli analitik məqalədə müəllif moldovalı oxuculara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixinin ən qanlı səhifəsi olan Xocalı faciəsindən, erməni silahlı birləşmələrinin yer üzündən sildiyi şəhərin minlərlə sakininin min bir əzabla qətlə yetirilməsindən konkret rəqəm və faktlar əsasında geniş söz açır.
Məqalədə erməni terrorçularının sovet ordusunun 366-cı motoatıcı alayından olan qaniçən əlaltıları ilə birlikdə törətdikləri cinayətlərin damarda qanı donduran xronikası verilib. Materialda Azərbaycanın dini liderlərinin Xocalı soyqırımına hüquqi qiymət verilməsi xahişi ilə dünya ictimaiyyətinə müraciətindən sitatlar gətirilib.
Məqalədə xüsusi vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası ermənilərin Qarabağdakı vəhşilikləri haqqında həqiqətin dünyaya çatdırılmasında uğurlu və uzaqgörən strategiyadır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu