Ekspert: Orta Dəhliz Avropa nəqliyyat arxitekturasının əsas elementinə çevrilir
Bakı, 30 iyun, AZƏRTAC
Orta Dəhliz Avropa üçün getdikcə daha mühüm əhəmiyyət kəsb edir və tədricən Avrasiya nəqliyyat sistemində əsas marşrutlardan birinə çevrilir.
Bu barədə rumıniyalı politoloq Yulian Kifu AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında bildirib.
Onun sözlərinə görə, söhbət Çindən Mərkəzi Asiya ölkələri, Xəzər regionu, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya multimodal yük və konteyner daşınmasını nəzərdə tutan Qara dəniz-Xəzər dənizi strateji nəqliyyat dəhlizinin inkişafından gedir.
Ekspert qeyd edib ki, perspektivdə marşrut Cənubi Qafqaz vasitəsilə potensial dəhlizlər də daxil olmaqla yeni nəqliyyat həlləri sayəsində genişləndirilə bilər. Bu kontekstdə Rumıniya Avropa İttifaqında marşrutun əsas son nöqtələrindən biri kimi nəzərdən keçirilir.
Kifu vurğulayıb ki, dəhlizin səmərəliliyini artırmaq üçün vahid gömrük prosedurlarının inkişafı, nəqliyyat təhlükəsizliyinin gücləndirilməsi, eləcə də dəmir yolunu və dəniz daşınmalarını birləşdirən inteqrasiya olunmuş nəqliyyat sistemi yaratmaq lazımdır.
Müəllif – Tamilla Məmmədova