Ekspertlər: Almaniyada “iqtisadi iflic” hökm sürür
Bakı, 6 dekabr, AZƏRTAC
Alman şirkətlərinin yalnız 23 faizi gələn ilə müsbət perspektivlər görür. Ekspertlər “iqtisadi iflic”dən danışır.
AZƏRTAC xəbər verir ki, almaniyalı biznesmenlər arasında aparılan sonuncu etimad sorğusu 2024-cü ildə iqtisadiyyatın inkişafı ilə bağlı böyük pessimistlik üzə çıxarıb. 2200-dən artıq şirkətin təhlilini hazırlayan Almaniya İqtisadi Araşdırmalar İnstitutunun ekspertləri “iqtisadi iflic”dən söz açır. Şirkətlərin yalnız 23 faizi gələn ilə müsbət proqnozlara, 35 faizi isə pis gözləntilərə malikdir.
Tədqiqata əsasən, almaniyalı biznesmenlər Almaniyada “iqtisadi iflic”in davamını gözləyirlər. Bu gözləntilər pandemiyadan yenicə çıxan, enerji daşıyıcılarına tükürpədici qiymətlər, yüksək inflyasiya və enerji defisiti riski ilə səciyyəvi olan 2022-ci ilin payızındakı səviyyəyə düşüb.
İnstitutun baş iqtisadçısı Mixael Qrömlinqin sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi fonunda enerji daşıyıcılarının qiymətinin birdən artması, bununla bağlı qiymətlərin ümumi artımı, geosiyasi qeyri-müəyyənlik və dünya iqtisadiyyatının dinamikasının əhəmiyyətli şəkildə azalması bu ölkədə iqtisadi durğunluğun səbəbləridir.
Bu pessimistlik, öz növbəsində, məşğulluq və sərmayələr üçün fəsadlara malikdir. Almaniyada hər beş şirkətdən biri gələn il onun daha çox əməkdaşı olacağını, 35 faizi isə az olacağını gözləyir. “Bu, onu göstərir ki, Almaniyada məşğulluğun uzunmüddətli artımı ehtimal ki, hazırda sona çatıb. Yalnız 27 faiz 2023-cü il ilə müqayisədə daha yüksək kapital xərclər planlaşdırır, 36 faiz isə büdcənin azalmasını proqnozlaşdırır. İnvestisiyaların zəifliyi 2024-cü ildə aradan qaldırılmayacaq”, - deyə tədqiqatda proqnozlaşdırılır.
Olaf Şolts hökuməti 60 milyard avro həcminə büdcə kəsirini qapatmaq imkanı verən borc öhdəliklərinin buraxılışını davam etdirməkdən ötrü ilin əvvəlində fövqəladə vəziyyət barədə “əvvəlki tarixlə” fərman imzalayıb. Lakin Hesablama Palatası bu büdcə kəsiri ilə bağlı öz şübhələrini artıq bildirib və hökumətə “hüquqi risklər” gördüyünü xəbər verib. “Handelsblatt” gündəlik biznes qəzetinin dərc etdiyi sənədə əsasən, hətta əlavə büdcə layihəsi və fövqəladə bəyannamə diqqətə alınsa belə, büdcə “Konstitusiya nöqteyi-nəzərindən olduqca problematik” vəziyyətdə qalacaq. Digər tərəfdən, 2024-cü il üçün ümumi büdcələr Almaniya hökuməti ilə razılaşdırılmayıb.
Büdcə böhranı ölkənin iqtisadiyyat naziri Robert Xabekin dediyi “yarımböhrandır” ki, biznesmenlərin əhvali-ruhiyyəsinə yalnız pessimistlik əlavə edir. Çünki maliyyə naziri Kristian Lindner həm vergilərin artmasını, həm də borc əyləci islahatını rədd edir və bu da əksər nazirliklərin qəbul etmədiyi büdcə üzrə radikal qənaətə səbəb olur.
Əgər federal hökumət sahələrə və şirkətlərə daha əvvəl planlaşdırılan sərmayələri azaltsaydı, o halda bu, biznesin aparıldığı yer kimi Almaniya üçün ciddi fəsadlar törədə bilər. BDI-nin dəyərləndirməsinə görə, sərmayələrin azaldılması azı 150 milyard avro itkiyə şərait yarada bilər.