“Əl Əhram” qəzeti Prezident İlham Əliyevin Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündən yazıb
Qahirə, 1 iyun, AZƏRTAC
Misirin nüfuzlu “Əl Əhram” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı çıxışında Ermənistanın sərhəddə təxribatları ilə bağlı əsas məqamları yayıb.
AZƏRTAC xəbər verir ki, qəzetin dərc etdiyi yazıda dövlətimizin başçısının Ermənistanın artıq öz sərhədlərini qoruya bilmədiyi, yaranmış rüsvayçı vəziyyətlə bağlı indiki hakimiyyətin və köhnə iqtidarın bir-birini ittiham etdikləri barədə fikirləri qeyd olunub. Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti işğalçı ölkənin bu dərəcədə aciz vəziyyətə düşəcəyini düşünmədiyini, ermənilərin bütün bəlalarının səbəbkarının özləri olduğunu söyləyib.
Məqalədə vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanın öz sərhədlərini bundan sonra da möhkəmləndirəcəyini qeyd edərək deyib: “Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr, - altı ay artıq keçibdir, - bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcəkdir”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə