“Əlaçı” televiziya layihəsinin Şəkidə keçirilən seçim turunda 200 şagird biliyini sınayıb
Şəki, 5 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 5-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri arasında “Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib. Şəki şəhər 12 nömrəli tam orta məktəbdə təşkil olunan seçim turunda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının məktəblərində təhsil alan 200 şagird iştirak edib.
Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib. Müsabiqənin yekununa görə, ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin 19-cu mövsümünün çəkilişlərində iştirak etmək hüququ qazanacaqlar.