Elektron elm sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub
Bakı, 17 mart, AZƏRTAC
“Elektron elmin formalaşma vəziyyəti, problemləri və həlli yolları” mövzusunda keçirilən onlayn müşavirədə e-elm sahəsində beynəlxalq əməkdaşlığın inkişafına dair görülən işlər və problemlər müzakirə olunub.
İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev təqdimatla çıxış edərək beynəlxalq əməkdaşlıq çərçivəsində Avropa Komissiyası, Avropa Milli Tədqiqat və Təhsil şəbəkələrinin üzvləri, eləcə də digər tərəfdaşlarla ortaq şəkildə tədqiqat və təhsil şəbəkə layihələrini idarə edən GEANT təşkilatı ilə mövcud əlaqələr haqqında məlumat verib.
Məruzəçi Avropa Komissiyasının 2015-ci il iyunun 11-də
Lüksemburqda Şərq Tərəfdaşlığı ölkələri arasında əlaqələrin genişləndirilməsi məqsədilə GEANT təşkilatı ilə müqavilə imzaladığını, 2015-ci il iyulun 1-də isə GEANT Assosiasiyası və Şərq Tərəfdaşlığı ölkələri arasında EaPConnect layihəsinin qrant müqaviləsinin imzalandığını söyləyib. EaPConnect layihəsində Azərbaycan Respublikasını İnformasiya Texnologiyaları İnstitutunun təmsil etdiyini xatırladan şöbə müdiri, 2017-ci il noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində birgə bəyanatın qəbul edildiyini xatırladıb. Qeyd edib ki, həmin bəyanatda müvafiq ölkələrin elm, təhsil və innovasiya sistemlərinin inteqrasiyasının vacibliyi, bu prosesin müvafiq sahələrdə məhsuldarlığın və rəqabətin artmasına təsir göstərəcəyi, GEANT şəbəkəsinə qoşulmaqla tərəfdaş ölkələrdə rəqəmsal bərabərsizliyin azalmasına nail olunacağı vurğulanıb.
B.Nəbiyev 2015-ci il iyulun 1-də GEANT və Şərq Tərəfdaşlığı ölkələri arasında bağlanmış qrant müqaviləsi əsasında institutun EaPConnect layihəsində iştirakının təmin olunduğunu qeyd edib. Layihə çərçivəsində 2017-ci ilin mart ayından etibarən AzScienceNet şəbəkəsinə 1Gbit/san internet sürətinin təqdim olunduğunu, 2020-ci ilin yanvar ayından başlayaraq isə internet sürətinin 3Gbit/san-yə çatdırıldığını deyib. Onun sözlərinə görə, 2020-ci ilin sentyabr ayından etibarən layihə tərəfindən AzScienceNet şəbəkəsinin dayanıqlığının təmin olunması üçün “Delta Telecom” vasitəsilə ayrılmış optik xətlə 1Gbit/san rezerv internet sürəti təqdim olunub. Bundan əlavə, 100-ə yaxın şəbəkə avadanlığı və 2 komplekt LoLa avadanlığı təqdim olunub. Həmçinin 20-dən çox alim və mütəxəssisin beynəlxalq konfrans, tədbir və təlim seminarlarında iştirakına şərait yaradılıb.
B.Nəbiyev institutun GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində tərəfdaşlıq etdiyi qurumlar haqqında da məlumat verib. Bildirib ki, buraya ULAKBİM (Türkiyənin akademik şəbəkəsi və informasiya mərkəzi), GRENA (Gürcüstanın milli tədqiqat və təhsil şəbəkəsi), BASNET (Belarusun milli tədqiqat və təhsil şəbəkəsi), URAN (Ukraynanın milli tədqiqat və təhsil şəbəkəsi), RENAM (Moldovanın milli tədqiqat və təhsil şəbəkəsi) və s. aiddir. O, institutun “Horizon-2020” proqramı çərçivəsində 40 ölkənin elm və tədqiqat şəbəkələrinin iştirak etdiyi GN4-3 layihəsinə qoşulmasının beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlərdən olduğunu qeyd edib. Məruzəçi elektron elm sahəsində beynəlxalq təcrübə haqqında məlumat verərək müəyyən müqavilələr əsasında həyata keçirilən əməkdaşlıq, e-elm sferasında fəaliyyət göstərən beynəlxalq təşkilatlar və Azərbaycanın birbaşa əməkdaşlıq etdiyi nüfuzlu qurumları diqqətə çatdırıb. B.Nəbiyev, həmçinin EaPConnect-2 layihəsinin qeydiyyatı, elektron elm sahəsində kadr çatışmazlığı, innovativ xidmətlərin öyrənilməsi və tətbiqi, eləcə də digər məsələlərə dair problemlərin həllinin vacib olduğunu söyləyib.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təqdimatla bağlı fikirlərini bölüşərək elektron elm sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu istiqamətdə problemlərin tez bir zamanda aşkarlanması və aradan qaldırılması ilə bağlı təklif və tövsiyələrini irəli sürüb. “Yeni bir ideologiya olan elektron elm ölkəmizdə formalaşan informasiya cəmiyyətinin bir seqmenti, dünya qlobal məkanının bir hissəsidir”, - deyən alim AMEA-da elektron elmin formalaşdırılması və inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumatların ölkə ictimaiyyətinə çatdırılmasının zəruri olduğunu vurğulayıb.