REGİONLAR
ƏLİ BAYRAMLIDA AZOT GÜBRƏLƏRİ ZAVODU TİKİLƏCƏK, SUMQAYIT SUPERFOSFAT ZAVODU MODERNLƏŞDİRİLƏCƏK
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə respublikamızda azot gübrələri zavodunun tikilməsi məsələsi müzakirə olunmuşdur. İrşad Əliyev xatırlatmışdır ki, bir müddət əvvəl nazirlik Ukraynanın azot gübrələri istehsalı ilə məşğul olan müəssisəsinə Əli Bayramlıda müvafiq zavodun tikintisini layihələndirmək xahişi ilə müraciət etmişdi. E.Lapin bu müraciətimizi Sumı Elm-İstehsalat Birliyinin baş direktoru V.Lukyanenko ilə müzakirə etmiş və razılıq almışdır. İlkin variantda zavodun təxminən 228 milyon ABŞ dollarına başa gələcəyi nəzərdə tutulmuşdur. Respublikamızın maliyyə vəziyyətini nəzərə alaraq daha az vəsait tələb edən digər layihələrin işlənib hazırlanmasını xahiş etmişik. Yeri gəlmişkən, şəhərdə lazımi infrakstrukturun mövcudluğu, bəzi konstruksiyaların Azərbaycanda istehsalının mümkünlüyü zavodun tikintisinə çəkiləcək xərcləri xeyli azalda bilər.
İ.Əliyev təklif etmişdir ki, layihəçilər Əli Bayramlı şəhərində olub, şəraiti yerində qiymətləndirsinlər.
E.Lapin Azərbaycanın iqtisadi vəziyyətinə bələd olduğunu bildirmiş və demişdir ki, biz layihəni mütəxəssisləriniz tərəfindən öyrənilmək üçün təqdim etmişik. Azərbaycan Hökumətinin gələcəyi nəticə barədə, güman edirəm ki, bizə məlumat verəcəksiniz.
X X X
Mətbuat xidmətindən onu da bildirmişlər ki, Ukrayna nümayəndələri Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə də görüşmüş, onunla adı çəkilən zavodun tikintisi, Sumqayıt superfosfat zavodunun modernləşdirilməsi məsələlərini müzakirə etmişlər. İrşad Əliyev Severodonetsk Dövlət Elmi Tədqiqat və Kimya Texnologiyalarını Layihələşdirmə İnstitutunun tərtib etdiyi “Azərbaycanda azot gübrələri zavodunun yaradılması üzrə qısa təklif” barədə məlumat vermiş və demişdir ki, bu gün torpaq sahiblərinin 968 min ton mineral gübrəyə, o cümlədən 320 min ton azota, 515,5 min ton fosfora, 132,5 min ton kaliuma ehtiyacı vardır. Təəssüf ki, məhsul istehsalçılarının bu tələbatının yalnız 5,5 faizi ödənilir.
Görüşdə Əli Bayramlı azot gübrələri zavodunun tikilməsi və Sumqayıt superfosfat zavodunun modernləşdirilməsi məqsədəuyğun sayılmış, tərəflərin problem üzərində işləməsi qərara alınmışdır.