Əli Hüseynov: İnsanlar artıq sadəcə mənzil deyil, həyat tərzi alırlar
Bakı, 26 sentyabr, AZƏRTAC
Daşınmaz əmlak bazarında istehlakçı gözləntiləri və tələbləri son illərdə əhəmiyyətli dərəcədə dəyişib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Avant Group” şirkətinin Direktorlar Şurasının sədri Əli Hüseynov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” panel müzakirəsində deyib.
O bildirib ki, əhalinin gözləntilərinin artması daşınmaz əmlak sektorunda yeni yanaşmaların formalaşmasını şərtləndirir.
“İnsanlar artıq sadəcə mənzil almırlar, onlar həyat tərzi alırlar. Digər mühüm dəyişiklik isə etimadla bağlıdır. Daşınmaz əmlak bazarında əsas çağırışlardan biri qiymətlərin əlçatanlığı və investisiyanın gəlirliliyi ilə bağlıdır. Bu baxımdan çevik icarə planlarının və səmərəli layihə həllərinin hazırlanması vacibdir. Gələcək layihələrin hazırlanması zamanı məhəllələrin xüsusiyyətləri və insanların həyat tərzi nəzərə alınmalıdır. Layihələrin yerləşdiyi ərazilərin ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və layihələrin həmin tələblərə uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır”, - deyə A.Hüseynov vurğulayıb.