ƏLİLLƏRİN SEÇKİDƏ SƏS VERMƏSİ TƏMİN OLUNACAQ
Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində fəaliyyət göstərən Müstəqil Mətbuat Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, əlilliyi olan seçicilərin noyabrın 6-da Azərbaycanda keçiriləcək parlament seçkilərində səs vermələrinə şərait yaradılmasını təmin etmək məqsədi ilə mütəmadi iş aparılır. MSK bu məqsədlə gözdən əlil olan seçicilərin səs verməsini təşkil etmək üçün Brayl əlifbası ilə tərtib olunmuş xüsusi trafaretlər hazırlayır.
Bundan əlavə, fiziki cəhətdən əlil olan seçicilərin səsvermədə iştirakını təmin etmək üçün pilot layihə çərçivəsində bəzi məntəqələrdə panduslar (maili keçid) tikilməsi nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyası bu istiqamətdə “Lotos” Əlilliyin Dərki və Təlim Mərkəzi ilə əməkdaşlıq edir.