Elnur Məmmədli: Hidayət Olimpiya çempionu olmaqla verdiyi bütün sözlərə əməl etdi
Bakı, 30 iyul, AZƏRTAC
Hidayət Olimpiya çempionu olmaqla verdiyi bütün sözlərə əməl etdi, qarşısına qoyulan tapşırığı layiqincə yerinə yetirdi. Bu, böyük qələbədir. Bu gün hamımız onun uğuruna sevinirik.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Hidayət Heydərovun (73 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.
Federasiya rəsmisi bildirib ki, Hidayətin Parisdə fransız idmançını məğlub etməsi, Azərbaycan Bayrağını qaldırıb, Dövlət Himnini səsləndirməsi ikiqat sevincə səbəb olub: “Xalqımızı təbrik edirəm. Hidayət ağıllı güləş nümayiş etdirdi. O, artıq Avropa, dünya və Olimpiya çempionudur. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasına da minnətdarlığımı bildirirəm. Rəqibin itirəcək heç nəyi yox idi. Amma Hidayət Avropa və dünya çempionu olmaqla yanaşı, öz çəkisi üzrə dünya reytinqində ilk sıradadır. Rəqib var gücü ilə güləşirdi. Fransızlar öz təmsilçisini yaxşı dəstəkləyirdilər. Tribunada da ona dəstəyin çox olduğu görünürdü. Amma əsas qələbədir. Hidayət də bunu bacardı”.
Veteran cüdoçu ACF-də sistemli işin getdiyini diqqətə çatdırıb: “İdmançılarımız üçün hər cür şərait yaradılıb. Hidayət isə xaraktercə çətin insandır. Lakin o, bütün çətinliklərin öhdəsindən gəldi və özünü yaxşı tərəfdən göstərə bildi. Çox sevindirici haldır ki, onun üzərində mənim də əziyyətim var”.
Xatırladaq ki, olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan H.Heydərov birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb.