Əlövsət Quliyev: Torpağa normadan artıq verilən kimyəvi gübrələr məhsuldarlığı azaldır
Bakı, 8 dekabr, AZƏRTAC
İşğaldan azad edilmiş torpaqların tədqiqi və keyfiyyətinin qiymətləndirilməsi məsələləri aqrar sahəyə aid elmi fəaliyyətlə məşğul olan alimlərin də üzərinə mühüm vəzifələr qoyur. Biz aparılan elmi-tədqiqat işlərinin nəticələrinin kənd təsərrüfatına tətbiqinə, məhsuldarlığın artırılmasına, torpaqların münbitliyinin bərpası və qorunmasına, habelə müasir dövrün elmi yeniliklərinin istehsalata tətbiqinə nail olmalıyıq.
Ölkəmizdə aqrar sektorun inkişaf etdirilməsinə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun kollektivi də töhfə verməyə çalışır. Pandemiya ilə əlaqədar karantin rejimi olmasına baxmayaraq bizim əməkdaşlar kifayət qədər elmi-tədqiqat işləri yerinə yetiriblər.
Bunu AZƏRTAC-a açıqlamasında institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev deyib.
Torpaqşünas alim bildirib ki, aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən monoqrafiyalar, məqalələr və müxtəlif elmi konfranslarda olan çıxışlar Torpaqşünaslıq və Aqrokimya İnstitutunun saytında yerləşdirilib. Məqsəd elmi müəssisənin laboratoriyalarında və çöl-tədqiqat işlərində əldə edilən nəticələri cəmiyyətə təqdim etmək, ölkəmizdə fermerlərin və torpaq mülkiyyətçilərinin onlardan istifadəsini asanlaşdırmaq, hansı tədqiqatların daha çox xeyir verməsini və aktual olmasını müəyyənləşdirməkdir.
İnstitutun saytında alimlərimizin illər üzrə ölkə daxilində və xarici elmi jurnallarda dərc olunan məqalə və tezisləri yerləşdirilib. Əvvəlki illərdə çap olunmuş materiallar da yenidən bir yerə toplanaraq gələcəkdə istifadə olunmaq üçün məlumat bankında toplanılır. Bu, həm fermerlərə, həm aqrar sahədə tədqiqat aparmaq istəyən aspirantlara, həm də tələbələrə lazımi səviyyədə kömək edəcək.
Əlövsət Quliyev kəhrizlərlə bağlı təkliflərini də nəzərə çatdırıb. Qeyd edib ki, 1938-ci ildə Azərbaycanda rəsmi dövlət qeydiyyatında 885 kəhriz olub. Onların su sərfi 13,354 kubmetr/saniyə, il ərzindəki miqdarı 420 milyon kubmetr həcmə bərabərdir. ХХ əsrin əvvəllərinə qədər Bakı, Gəncə, Bərdə, Naxçıvan, Ordubad və digər şəhərlərin və 200-dən çox kənd yaşayış məntəqəsinin su təchizatını yalnız kəhrizlər təmin edib. Vaxtilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin nəzdində kəhrizlərə xidmət edən idarə mövcud idi.
Müstəqilik dövründə ölkədə aparılan torpaq islahatında kəhrizlər və onların əhatə etdiyi qidalanma və tranzit zona nəzərə alınmayıb. Nəticədə baxımsızlıq ucbatından kəhrizlərin bir çoxu dağılıb, bir hissəsi isə naşı adamlar və ya beynəlxalq təşkilatların “özfəaliyyət bərpa qrupları” adı altında bərpa olunub, bəziləri isə sıradan çıxarılıb.
Azərbaycanda (Naxçıvan MR istisna olmaqla) rəsmi dövlət qeydiyyatda olan 623 kəhrizdən 332-si mənfur qonşuların işğalı altında idi. Şükürlər olsun ki, onlar da işğaldan azad olundu. Beləliklə, biz hər il orta hesabla 300-350 milyon kubmetr təmiz və keyfiyyətli kəhriz suyu əldə etmək imkanımız olduğu halda, ona niyə sahib çıxmayaq?
Hazırda işğaldan azad olunmuş ərazilərdə kəhriz sistemlərinin monitorinqi və bərpa məsələsinin təşkilini biz öz öhdəmizə götürə bilərik. Söz yox ki, o zaman müvafiq dövlət qurumlarının dəstəyinə ehtiyacımız olacaq.
Sözügedən ərazilərdə kəhrizlərin il ərzində verdiyi suyun həcmi 119 milyon kubmetrə bərabərdir. Cüzi xərclə bərpa olunan, sonrakı dövrdə heç bir enerji, maşın-mexanizm tələb etmədən davamlı su verən bu qurğu subartezian quyularından daha sərfəlidir. Beləliklə, işğaldan azad edilmiş ərazilərdə elektrik və başqa kommunikasiya işləri başa çatana qədər kəhrizlər heç bir enerji tələb etmədən işləyəcək. Qarşıda yalnız bir məsələ durur. Ləyaqətsiz və vandalizmlə məşğul olan ermənilər köçərkən kəhriz quyularını doldurub və minalayıblar. Düşünürəm ki, ANAMA öz işini bitirdikdən sonra kəhrizlərin bərpasına başlamaq olar.
Bu gün Azərbaycana müxtəlif ölkələrdən gətirilən kimyəvi gübrələrin çox yerdə torpağa kor-koranə (yəni ehtiyac nəzərə alınmadan) verilməsində narahatçılığını ifadə edən alim deyib: “Əslində, torpaq öncədən analiz edilməli və sonda onun daha çox hansı elementə və ya gübrəyə ehtiyacı olması dəqiqləşdirilməlidir. Bundan sonra torpağa nə qədər gübrə verilməsi müəyyənləşdiriməlidir. Təəssüflə deməliyik ki, bəzi yerlərdə laboratoriya avadanlıqlarından səmərəli istifadə olunmur. Bu səbəbdən ölkəyə gətirilən kimyəvi gübrələr torpaqdakı bioloji prosesi dayandırır, torpaq keyfiyyətini itirir. Təəssüflə deməliyik ki, bu proses əksər yerlərdə özünü büruzə verməkdədir”.
Əlövsət Quliyev institutun laboratoriyalarında və regionun müvafiq yerlərində tədqiqatlar aparmaqla əldə olunan nailiyyətlərdən də danışıb. Qeyd edib ki, birincisi, Hövsan Aerasiya Stansiyasında toplanan üzvi əsaslı tullantılardan biogübrənin hazırlanması texnologiyası işlənilib, həmin ərazidə təcrübə sınaq istehsal prosesi həyata keçirilib. Təcrübə sınaq istehsal prosesi nəticəsində əldə edilən yeni biogübrə 20 ton miqdarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib, köhnə yod-brom zavodu və nazirliyin tingçilik ərazisində yaşıllıqların salınmasında istifadə olunaraq müsbət nəticələr əldə edilib. Yaşıllaşdırma işlərində çox ucuz başa gələn yeni biogübrəyə tələbatı nəzərə alaraq, onu istehsal edəcək kiçik həcmli zavodun biznes-planı hazırlanıb və maliyyələşmə üçün İnnovasiyalar Agentliyinə təqdim edilib. İstehsal ediləcək biogübrənin iqtisadi rentabelliyi müəyyən olunub. Belə ki, biogübrənin bir tonunun satış qiyməti 120 AZN-ə bərabər olduğu halda daxili bazarda 70 faiz güzəştlə satılan mineral gübrənin ən aşağı qiyməti 250 AZN təşkil edir. Yəni güzəştlə satılan mineral gübrə, istehsal ediləcək biogübrədən 2,1 dəfə bahadır. Digər tərəfdən istehsal ediləcək biogübrə yaşıllaşdırma işlərində effektivliklə yanaşı, torpaq münbitliyini də yaxşılaşdırır.
İkincisi, Kür çayı deltasında qida maddələri ilə zəngin xammal ehtiyatı var. Hər il Kür çayının deltası təmizlənərkən milyon tonlarla lil ehtiyatları çayətrafı ərazilərdə tullantı kimi yığışıb qalır.
İnstitutda Kür çayı lilindən götürülmüş nümunələr təhlil olunub, onun tərkibində üzvü maddənin 30-35 faiz, humusun isə 12-14 faiz olduğu müəyyən edilib. Beləliklə, Kür çayı lilinin yeni gübrə hazırlamaq üçün çox qiymətli xammal olduğu müəyyənləşdirilib. İnstitutun laboratoriyalarında xüsusi texnologiyaların tətbiqi ilə Kür çay deltasının lilindən gübrə əldə olunub. Qiymətcə çox ucuz başa gələn yeni gübrənin təsiri Neftçala rayonu ərazisində pambıq bitkisi altında fermer təsərrüfatında sınaqdan keçirilib, nəticədə pambığın məhsuldarlığı kifayət qədər artıb.
Görülən işlərlə əlaqədar icra strukturları və yerli fermerlərlə geniş müzakirələr aparılıb, yeni gübrənin kiçik həcmli pilot variantda istehsalının təşkil edilməsi və tətbiq işlərinin Neftçala və Salyan rayonları arasında həyata keçirilməsi qərara alınıb.
Üçüncüsü, araşdırmalar onu göstərir ki, istixana ərazilərində toplanan, tullantı kimi istifadəsiz qalan yaşıl kütlə (əsasən pomidor kolları) ətraf mühit üçün ekoloji problem yaradır. Ölkədə istixana təsərrüfatlarının ümumi sahəsinin təxminən 2500 hektara bərabər olduğunu qəbul etsək, hər hektardan il ərzində azı iki dəfə 6000-6500 ədəd pomidor kolu atılır. Hər kolun çəkisinin 4-5 kiloqrama bərabər olduğunu nəzərə alsaq, istixana təsərrüfatının illik yaşıl tullantı həcminin 125-150 min ton olduğunu görərik ki, bu rəqəm də hər il durmadan artır. İnstitutda istixana tullantılarından yaşıl gübrə əldə edilməsinin kompostlaşdırma texnologiyası işlənib hazırlanıb. Yaşıl gübrə tullantı əsaslı olduğu üçün çox ucuz başa gəlir və tərkibində torpağın münbitləşdirilməsi və bitkilər üçün zəruri olan qida maddələri kifayət qədərdir. Kompostlaşdırma prosesinin sürətindən asılı olaraq yaşıl gübrənin hazırlanması 1,5-2 ay ərzində başa gəlir. Laboratoriya şəraitində təcrübə-sınaq məqsədi üçün əldə edilən yaşıl gübrədən müxtəlif regionlarda tərəvəzaltı torpaqlarda istifadə edilib. Nəticədə torpağın münbitlik göstəriciləri yaxşılaşmaqla bərabər, tərəvəz bitkilərinin orta məhsuldarlığı 30-35 faiz artıb.
“Yaşıl gübrənin geniş miqyasda istehsalı, ilk növbədə, ətraf mühit üçün təhlükə yaradan ekoloji problemi aradan qaldırır. Digər tərəfdən, yaşıl gübrə ekoloji təmiz məhsul əldə etməyə imkan verir. Bir tonu təxminən 80-85 manata başa gələn, təsir müddəti 2-3 il davam edən yaşıl gübrə iqtisadi nöqteyi-nəzərdən çox əlverişlidir və təsərrüfatlara əlavə qazanc əldə etməyə imkan verir. İstixana tullantılarından yaşıl gübrə istehsal edəcək kiçik həcmli zavodun (istehsal gücü il ərzində 15 min ton) biznes-planı institut tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim edilmək üçün hazırlanıb”, - deyə alim əlavə edib.