Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 92,2 faizinə şamil olunacaqdır
Bakı, 9 fevral (AZƏRTAC). Azərbaycanda 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur. Bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir.
Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. Ötən 5 ildə dövlət başçısı tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 5 sərəncam verilmişdir.
2011-ci ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunmuş, bununla belə istehlak qiymətlərinin 7,9 faizlik indeksi qeydə alınmışdır.
Həmin göstəricinin əmək pensiyalarına təsirini aradan qaldırmaq məqsədi ilə əmək pensiyalarının sığorta hissəsinin həmin həddə indeksləşdirilməsini təmin etmək üçün dövlət başçımız “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2012-ci il 8 fevral tarixli Sərəncam imzalamışdır.
Sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2011-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2012-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcəkdir. Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaqdır.
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 5 milyon manat, il ərzində isə 60,3 milyon manat əlavə vəsait tələb olunacaq və bu vəsaitlər DSMF-in büdcəsində öz əksini tapmışdır.
Bu artımın əvvəlki illərdə həyata keçirilən artımlardan fərqi daha böyük kontingenti əhatə etməsidir. Belə ki, ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artmış, onların da pensiyasının sığorta hissəsi yaradılmışdır və hazırda pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi mövcuddur. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin həmin pensiyaçılara şamil olunması deməkdir.
Ümumilikdə isə artımlar fərqli olacaqdır. Yəni, kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı daha yüksək olacaqdır.