Əmək qəhrəmanı: Heydər Əliyevin rayonumuza hər gəlişi bayrama çevrilərdi


Ağcabədi, 2 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Heydər Əliyev işləyənin qədrini bilər, çəkilən zəhməti lazımınca qiymətləndirərdi. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyəndə mən "SSRİ Dövlət mükafatı laureatı", "Azərbaycanın Fəxri pambıq ustası", "Sosialist Əməyi Qəhrəmanı" və sair mükafat və adlara layiq görülmüşəm. Heydər Əliyev Prezident olduğu dövrdə mənə Prezident təqaüdü ayrıldı. Mən o dahi rəhbərə Ulu Tanrıdan rəhmət diləyirəm. Ömür kitabımın hər səhifəsindəki uğurlarda demək olar ki, onun böyük rolu var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağcabədidən olan Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Suqra Mədətova deyib.
O bildirib ki, ulu öndər Heydər Əliyevin hər dəfə Ağcabədi rayonuna gəlişi bayrama çevrilərdi: “Çox səmimi insan idi. Hər kəslə dostcasına görüşərdi. Kənd camaatı onu ehtiramla, hörmətlə, məhəbbətlə qarşılayardı. Heydər Əliyev səfərləri zamanı rayon zəhmətkeşlərinin problemləri ilə yaxından maraqlanardı. O qədər sadə, mehriban insan idi ki, adamların hər birini səbirlə dinləyər və onların problemlərini həll edərdi”.
Suqra Mədətova həmin günləri xatırlayaraq deyib ki, ulu öndər Heydər Əliyev Ağcabədiyə gəldiyi zaman əkinçiliklə, maldarlıqla, pambıqçılıqla, ümumiyyətlə, təsərrüfatın bütün sahələri ilə yaxından maraqlanar, özü şəxsən sahələrdə, tarlalarda olar, iclaslarda isə gördüklərini təhlil edərdi. Həmişə də rayonun abadlaşdırılması, camaatın yaşayış şəraitinin yaxşılaşdırılması, üzümçülüyün, pambıqçılığın, taxılçılığın inkişaf etdirilməsi üçün tapşırıq və tövsiyələrini verərdi. Onun hər gəlişi, verdiyi tapşırıqlar həm rayon iqtisadiyyatının inkişafı, həm də sakinlərin sosial rifahının yaxşılaşdırılması ilə nəticələnirdi.
“Heydər Əliyev elə bir şəxsiyyətdir ki, əsrlər keçəcək, lakin o, unudulmayacaq. Çünki gəncliyindən ömrünün sonuna qədər xalq üçün, Azərbaycanın inkişafı üçün çalışıb. Hər kəsə qayğı ilə, hörmətlə yanaşıb. Uşaqlar da, gənclər də, qocalar da bu şəxsiyyətin məhəbbətini öz üzərlərində hiss ediblər. Buna görə də, onu hamı sevir. Heydər Əliyev kimi insanlar heç vaxt ölmürlər. Heydər Əliyevin ideyaları əbədi yaşayır, qalib gəlir və nə qədər Azərbaycan var, yaşayacaq”, - deyə o qeyd edib.