Emin Əmrullayev: Sertifikatlaşdırma müəllimlərin orta aylıq əməkhaqqının artmasına mühüm təsir göstərib
Bakı, 30 iyun, AZƏRTAC
Sertifikatlaşdırma prosesi müəllimlərin peşəkarlığının qiymətləndirilməsi ilə yanaşı, onların əməkhaqqının artırılmasına da mühüm töhfə verib.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə söyləyib.
Nazir bildirib ki, 2026–2027-ci tədris ili üzrə müəllim heyəti üçün ehtimal olunan orta aylıq əməkhaqqı 1 030 manatdır. Sertifikatlaşdırmada yüksək nəticə göstərərək 35 faiz əməkhaqqı artımı alan 30 min 590 müəllimin orta aylıq əməkhaqqı 1 300 manata çatır.
Sertifikatlaşdırmada uğur qazanaraq 10 faiz əməkhaqqı artımı alan 60 818 müəllimin orta aylıq əməkhaqqısı isə 1 010 manat təşkil edir.
Sertifikatlaşdırmada iştirak etməyən və ya ilk cəhddə uğur qazanmayan 23 min 984 müəllim üzrə orta aylıq əməkhaqqının isə 770 manat olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, təqdim olunan rəqəmlər 2026–2027-ci tədris ili üzrə ehtimal olunan əməkhaqqı məbləğlərini əks etdirir.
Müxbir – Tünzalə Zeyvəliyeva