COP29
Əminə Ərdoğan: COP29 iqlim dəyişikliyi ilə mübarizədə ortaq gələcəyimizə ümid yaradır
Ankara, 13 noyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iqlim dəyişikliyi ilə mübarizədə ortaq gələcək qurmaq üçün ümid yaradır. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın Bakıda keçirilən COP29 sessiyası ilə bağlı növbəti paylaşımında deyilir.
Əminə Ərdoğan gənclərin ətraf mühitə həssas münasibətindən səmimi məmnunluğunu ifadə edib, həmçinin Azərbaycanın ekoloji məsələlərdə uzaqgörən liderliyini alqışlayıb.
O yazıb: “Mən Azərbaycan Prezidenti İlham Əliyevə və onun əziz xanımı Mehriban Əliyevaya səmimi qonaqpərvərliyə görə təşəkkür etmək istərdim”.
Paylaşımda Türkiyə Prezidenti və xanımının Bakıda keçirilən COP29 sessiyasında iştirakını əks etdirən kadrlar da yer alıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara