“ƏMLAK BAZARI” JURNALININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Birliyin icraçı direktoru Nisrət İbrahimov, jurnalın baş redaktoru Pərviz Rəhimoğlu 2003-ci ilin sonunda yaradılmış qurum və Bakı Banklararası Valyuta Birjası ilə birgə həyata keçirdiyi layihələr haqqında məlumat vermiş, “Əmlak bazarı terminləri”, “Daşınmaz əmlak bazarı və rieltor” kitablarını, “İlkin əmlak bazarı”, “Tikinti materialları bazarı”, “Daşınmaz əmlak bazarı məcmuəsi” və s. mövzularda bülletenlər çap etdiklərini diqqətə çarpdırmışdır. Toplunun əmlak bazarında, xüsusilə daşınmaz əmlak bazarındakı informasiya boşluğunu qismən aradan qaldırmaq, ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini gücləndirmək məqsədi ilə nəşr edildiyi vurğulanmışdır. Əmlak bazarı problemlərinin jurnal vasitəsilə diqqət mərkəzinə gətiriləcəyi, ekspertlərin rəyi əsasında, əmlak bazarında baş verən prosesləri anlamağa və proqnozlaşdırmağa imkan verən təhlil və icmalların, tədqiqat materiallarının hazırlanaraq ictimaiyyətə çatdırılacağı, əmlakla bağlı davranış qaydalarının əhaliyə aşılanacağı qeyd edilmişdir. Topluda, həmçinin, əmlak bazarı iştirakçıları olan bank sahiblərinin, sığortaçıların, qiymətləndiricilərin, konsaltinq şirkətlərinin və əmlakı ilə bazarda hər hansı formada fəaliyyətdə olan digər müvafiq şirkət və təşkilatların mövcud problemlərə dair fikirlərinə də geniş yer ayrılacağı bildirilmişdir.
Sonda iştirakçıların sualları cavablandırılmışdır.