DÜNYA
Emmanuel Makron ölkənin taleyi ilə “rus ruletkası” oynayır
![Emmanuel Makron ölkənin taleyi ilə “rus ruletkası” oynayır](/files/2024/2/1200x630/17180520092388936365_1200x630.jpg)
Bakı, 11 iyun, AZƏRTAC
Bazar günü Avropa Parlamentinə seçkilərdə ifrat sağçıların sarsıdıcı məğlubiyyətindən sonra Prezident Emmanuel Makron tərəfindən təyin edilmiş növbədənkənar seçkilər son onilliklərdə Fransada ən taleyüklü səsvermə olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın maliyyə naziri Brüno Le Mer bildirib.
Parlamentin buraxdığını elan etdikdən sonra Fransa Prezidenti Emmanuel Makron fransız demokratiyası ilə oyun oynamaqda günahlandırıldı.
Konservativ Respublikaçılar Partiyasının yüksək vəzifəli xadimi Valeri Pekres deyib: “Heç kimə təşkilatlanmağa vaxt vermədən və hər hansı bir kampaniyanı aparmadan buraxılma - ölkənin taleyi ilə “rus ruletkası” oynamaqdır”.
Ekspertlər Makronun qərarını ciddi siyasi risk adlandırırlar, çünki hakim “Dirçəliş” partiyası daha böyük itkilərə məruz qala bilər, bu da Makrona 2027-ci ildə prezident müddətini sağ-salamat başa çatdırmağa mane olacaq.
İyunun 30-na (birinci tur) və iyulun 7-nə (ikinci tur) təyin edilmiş seçkilər ilk dəfə olaraq Marin Le Penin başçılıq etdiyi “Milli Birlik” (RN) ifrat sağçı fransız partiyasına böyük güc verə bilər.
Milli Məclisdə 88 deputatı olan RN partiyası həqiqətən də səs çoxluğu toplasaydı, Makron 169 deputatı olan “Dirçəliş” partiyası ilə daha üç il müddətinə prezident qalardı, müdafiə və xarici siyasətə cavabdeh olmağa davam edərdi. Lakin o, iqtisadi siyasətdən başlayaraq təhlükəsizlik və miqrasiyaya qədər olan daxili gündəliyi müəyyən etmək hüququnu itirəcək.
Növbədənkənar seçkilər, həmçinin bütün diqqətin Fransaya yönəldildiyi vaxt, iyulun 26-da Parisdə Olimpiya Oyunlarının başlanmasından bir qədər əvvəl keçiriləcək.
“Bu, Beşinci Respublika tarixində Fransa və fransızlar üçün ən vacib parlament seçkiləri olacaq”, - deyə maliyyə naziri Brüno Le Mer bildirib.