Energetika naziri Goranboyda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 24 iyul, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Goranboy rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə vətəndaşların elektrik sayğaclarının quraşdırılması, elektrik şəbəkəsinə qoşulma, elektrik enerjisinin keyfiyyəti və fasilələrlə verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, transformatorun yerinin dəyişdirilməsi, kəndin elektrik təsərrüfatının yenilənməsi, elektrik verilişi xətlərinin mühafizə zonası və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Abşeron, Goranboy, Göyçay rayonlarından və Bakı, Mingəçevir, Naftalan şəhərlərindən olan 38 vətəndaş iştirak edib.