Ərazi bütövlüyünə qarşılıqlı hörmət olmadan sülhdən söhbət gedə bilməz - ŞƏRH
Bakı, 16 dekabr, AZƏRTAC
Laçın dəhlizi istifadəyə verilsə də, Ermənistan tərəfi müxtəlif bəhanələrlə Mehri vasitəsilə Azərbaycandan Naxçıvan regionuna dəhliz açmaqdan imtina edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O, Laçın yolu üzərində baş verənlərin 3 səbəblə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, əsas səbəb ekoloji problemlər və Azərbaycanın təbii ehtiyatlarının qanunsuz istismarıdır.
Fərid Şəfiyev ikinci səbəb kimi üçtərəfli Bəyanata zidd olaraq Laçın dəhlizinin hərbi məqsədlər üçün istifadə edilməsini göstərib. Nəqliyyat dəhlizlərinin açılmasına dair Bəyanatda qeyd olunmuş öhdəliklərin yerinə yetirilməməsi də səbəblər arasındadır.
“Ümumilikdə sülh müqaviləsinin olmaması və danışıqlar prosesinin dalana dirənməsi, Rusiya sülməramlı kontingentinin fəaliyyəti, Qarabağ erməniləri arasında radikalların olması və Azərbaycanla dialoqu pozan Ruben Vardanyanın Qarabağa gəlişi və geosiyasi aktorlar Laçın yolunda baş verənləri doğuran əsas səbəblərdir.
Artıq hər kəs anlamalıdır ki, problem Qarabağ bölgəsinin yenidən Azərbaycanın inzibati nəzarətinə keçməsindən sonra tam olaraq həll oluna bilər. Əvvəl-axır bu baş verəcək. Ərazi bütövlüyünə qarşılıqlı hörmət olmadan sülh və təhlükəsizlikdən söhbət gedə bilməz”.