ƏRƏB DÖVLƏTLƏRİ CƏMİYYƏTİNİN ÜZVÜ OLAN ÖLKƏLƏRİN SƏFİRLƏRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Qahirədə Ərəb Dövlətləri Cəmiyyətinin üzvü olan ölkələrin səfirləri ilə görüşmüşdür.
Görüşü açan ƏDC-nin baş katibi Əmr Musa regionda lider dövlətə çevrilmiş və beynəlxalq aləmdə nüfuzu getdikcə artan Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etdi. Dövlətimizin başçısı Misirə səfəri çərçivəsində təşkil olunan bu görüşün əhəmiyyətini vurğuladı, keçirilən görüşlərdə və aparılan danışıqlarda iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının diqqət mərkəzində olduğunu söylədi. O dedi ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir və biz bundan razıyıq. Respublikamızın iqtisadiyyatdakı nailiyyətlərini xatırladan Prezident İlham Əliyev Misirin və digər ərəb ölkələrinin iş adamlarını Azərbaycana dəvət etdiyini bildirdi.
Dövlətimizin başçısı Azərbaycanla ərəb ölkələri arasında əlaqələrdən də danışaraq dedi ki, biz bu əlaqələrin səviyyəsindən razıyıq. Həm ikitərəfli, həm də İslam Konfransı Təşkilatı çərçivəsində çox yaxşı əməkdaşlıq edirik. Qısa müddət ərzində Azərbaycan 7 ərəb ölkəsində səfirlik açmışdır və bu proses davam edəcəkdir. Bu, bizim münasibətlərimizin inkişafına olan marağımızdan irəli gəlir.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, onun ölkəmiz üçün ağır nəticələrindən, problemin həllinə dair aparılan danışıqlardan geniş bəhs etdi. Dövlətimizin başçısı ƏDC-nin üzvü olan ölkələrə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını bildirdi.
X X X
Görüşdən sonra Azərbaycan Prezidenti jurnalistlərin suallarına cavab verdi.
Dövlətimizin başçısı Azərbaycanda heç bir nüvə tədqiqatlarının aparılmadığını, ölkəmizin neft-qaz yataqları ilə zəngin olduğunu və azı 100 il özünü və tərəfdaşlarını təmin edə biləcəyini, dünyanın enerji təhlükəsizliyinə bundan sonra da töhfə verəcəyini söylədi. Prezident İlham Əliyev dedi ki, hazırda Azərbaycanda ərəb şirkətləri işləyir və biz çalışacağıq ki, gələcəkdə onların sayı və iş həcmi daha da artsın.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Misirin əməkdaşlıq naziri, Misir-Azərbaycan birgə hökumətlərarası komissiyasının həmsədri xanım Faizə Əbülnəqa ilə görüşmüş, Misirin MENA agentliyinin idarə heyətinin sədri və baş redaktoru Abdulla Həsənə müsahibə vermişdir.
Dövlətimizin başçısı Qahirədə tarixi Məhəmməd Əli qalası və məscidi, məşhur Misir Muzeyi ilə tanış olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Misirə rəsmi səfərini başa çatdıraraq, axşam vətənə qayıtmışdır.