ƏRƏB DÖVLƏTLƏRİ CƏMİYYƏTİNİN ÜZVÜ OLAN ÖLKƏLƏRİN SƏFİRLƏRİ İLƏ GÖRÜŞ
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Qahirədə Ərəb Dövlətləri Cəmiyyətinin üzvü olan ölkələrin səfirləri ilə görüşmüşdür.
Görüşü ƏDC-nin baş katibi ƏMR MUSA açaraq dedi:
-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi qardaş, dost ölkənin başçısı kimi salamlamaqdan xoşbəxtlik duyuram. Onun səfərinin öz xüsusiyyəti və mənası vardır.
Ərəb Dövlətləri Cəmiyyətinin üzvü olan ölkələrin nümayəndələri ilə bu salondakı görüşümüzdən əvvəl biz cənab Prezidentlə Azərbaycanın yerləşdiyi regionda, habelə Yaxın Şərqdə mövcud vəziyyəti və problemləri müzakirə etdik. O, Yaxın Şərqdə, İraqda olan vəziyyət və İsrail-ərəb qarşıdurması ilə bağlı öz fikir və mülahizələrini bizimlə bölüşdü, bu problemlərə xüsusi diqqətlə yanaşdıqlarını bildirdi.
Azərbaycan və ona qardaş olan ərəb dövlətləri arasında çox sıx münasibətlər və inteqrasiya mövcuddur. İcazənizlə, bizə verilmiş bu fürsətdən istifadə edərək, bizimlə öz fikirlərini bölüşmək üçün sözü Zati-aliləri cənab İlham Əliyevə verim. Onun çıxışından sonra sualları olanlar müraciət edə biləcəkdir.
İndi isə cənab Prezidentə söz verilir. Cənab Prezident, buyurun.