Ərəb Parlamentinin rəhbəri Avropa Parlamentinin qətnaməsinə etiraz edib
Qahirə, 12 mart, AZƏRTAC
Ərəb Parlamentinin rəhbəri Adel bin Əbdülrəhman əl-Asumi Bəhreyndə insan hüquqlarının pozulmasına dair Avropa Parlamentinin qətnaməsinə etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, əl-Asuminin bəyanatında sözügedən qətnamə “Bəhreyn Krallığının daxili işlərinə kobud müdaxilə, habelə parlament fəaliyyətinin prinsiplərinə və beynəlxalq hüquq normalarına zidd sənəd” kimi qiymətləndirilib.
Ərəb Parlamentinin rəhbəri avropalı həmkarına müraciət edərək deyib: “Avropa Parlamenti hansı haqla özünə aid olmayan ölkə və cəmiyyət haqqında bu cür qətnamə qəbul edir? Bu, Bəhreyndə və digər ərəb ölkələrində kin və nifrət toxumları səpməklə yanaşı, həm də insanları üsyana və iğtişaşlara təhrik etmək deməkdir. Avropa Parlamenti sənədin qəbulu zamanı şübhəli mənbələrin məlumatından istifadə etməklə üzərinə böyük məsuliyyət götürüb”.
Bəyanatın sonunda vurğulanıb ki, Avropa Parlamentinin qətnaməsi heç bir hüquqi və siyasi əhəmiyyət daşımır, eyni zamanda, avropalı deputatlar bu cür sənədlərin hazırlanması prosesində Bəhreynin rəsmi orqanları ilə əlaqə saxlamalı idilər. “Ərəb Parlamenti heç vaxt Avropa ölkələrinin daxili işlərinə müdaxilə etmir və Avropa İttifaqını insan hüquqları məsələsini siyasiləşdirməkdən çəkinməyə çağırır”, - deyə əl-Asuminin müraciətində vurğulanıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə