Ermənilərin qanunsuz əməllərinin beynəlxalq ictimaiyyət tərəfindən pislənilməsinə nail olmalıyıq - AÇIQLAMA
Bakı, 12 sentyabr, AZƏRTAС
Ötən gün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən istifadə etməklə terror aktı törətməyə cəhd göstərməsi olduqca təəssüf və hiddət doğuran hadisədir. Bu, beynəlxalq hüququn bir neçə sənədinin tələblərinə ziddir.
Bunu AZƏRTAC-a açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyin sədri Hafiz Səfixanov deyib.
“Bu, “Adi silahların müəyyən növlərinin qadağan olunmasına dair Cenevrə Konvensiyası”nın müvafiq protokolunda minalar və mina tələlərinin istifadə edilməsinin qadağan olunmasına dair tələbin müddəalarına, həmçinin 2018-ci ildə qəbul olunmuş heyvanların hüquqları və sağlamlıqlarının qorunmasına dair BMT Konvensiyasına birbaşa zidd olan fəaliyyətdir. Hadisəni törədənlər beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdırlar. Əməkdaşlıq etdiyimiz bütün təşkilatlara bu hadisə barədə dünəndən məlumatlar göndərərək bildirdik ki, qanunsuz erməni silahlı dəstələri beynəlxalq hüququn heç bir sənədini tanımır, mümkün olan bütün üsullardan istifadə etməklə Azərbaycan tərəfinə ziyan verməklə məşğuldurlar.
Yadıma 2011-ci ildə baş vermiş hadisə düşür. Tovuzun Əlibəyli kəndində uşaqlar çay qırağında oynayarkən oyuncaq tapırlar. Oyuncağı evə gətirirlər, orada oynayan zaman o partlayır. Partlayış nəticəsində 13 yaşlı qız uşağı həlak olur, anası isə ağır yaralanır. Həmin oyuncaq da mina tələsi kimi Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz çayı vasitəsilə ərazimizə göndərilmişdi.
Bütün bunlar göstərir ki, düşmənimiz çox məkrlidir, mina və mina tələlərindən geniş istifadə edir. Bu səbəbdən insanlarımız bu mövzuda daha ayıq-sayıq olmalı, maarifləndirmə tələblərinə ciddi əməl etməlidirlər. Biz bu qanunsuz əməlləri beynəlxalq ictimaiyyətə çatdırmalı, belə hadisələrin qətiyyətlə pislənilməsinə nail olunmalıyıq”, - deyə İctimai Birliyin sədri bildirib.
Xatırladaq ki, sentyabrın 11-də saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.