Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı aktları qan yaddaşımızdan heç zaman silinməyəcəkdir
Bakı, 29 mart (AZƏRTAC). Martın 29-da Bakı Dövlət Universitetində (BDU) 31 mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır.
AZƏRTAC xəbər verir ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov qəsbkar ermənilərin zaman-zaman torpaqlarımızda törətdikləri dəhşətli faciələrdən danışmış, mənfur qonşularımızın bəşəriyyət üçün təhlükəli siyasət apardıqlarını bildirmişdir.
Qeyd olunmuşdur ki, erməni daşnakları 1918-ci ilin mart və aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Lənkəranda 50 minədək günahsız qocanı, qadını, uşağı, gənci qəddarcasına qətlə yetirmiş, kəndləri, şəhərləri talan etmişlər.
Rektor ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1918-ci il 31 mart hadisələrinə siyasi qiymət verildiyini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan akademik A.Məhərrəmov mənfur düşmən tərəfindən işğal edilmiş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində tezliklə azad olunacağına əminliyini diqqətə çatdırmışdır.
Professor Anar İsgəndərli və digər alimlər də məkrli ermənilərin törətdikləri qanlı cinayətlərdən bəhs etmiş, faciənin qan yaddaşımızdan heç zaman silinməyəcəyini bildirmişlər.