Ermənistan mediası öz cəmiyyətlərində qisasçılıq hissinin artırılmasında rol alır - Müzakirə
Bakı, 28 sentyabr, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sülh quruculuğu prosesində medianın rolu” mövzusunda müzakirələr keçirilib.
AZƏRTAC xəbər verir ki, müzakirə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, beynəlxalq təşkilatlar münaqişə vəziyyətində olmuş cəmiyyətlər arasında sülhün yaradılması üçün istifadə edilən alətlərdən biri kimi medianın rolunu önə çəkirlər. O əlavə edib ki, 3 ay müddətində icra edilmiş layihə çərçivəsində medianın sülh quruculuğu prosesində iştirakını ehtiva edən beynəlxalq nəzəri fikirlər araşdırılaraq ümumiləşdirilib. Layihə çərçivəsində görülən işlərin ikinci istiqaməti Ermənistan KİV-ləri üzərində monitorinqlərin aparılmasından ibarət olub: “Məqsədimiz Ermənistan mediasının sülh quruculuğu prosesində iştirak formasını araşdırmaqdan, onların fəaliyyətinin bu kontekstdə beynəlxalq standartlara uyğunluğunu müəyyənləşdirməkdən ibarət idi. 3 ay müddətində apardığımız fasiləsiz monitorinqlərin nəticələri göstərdi ki, Ermənistanın media ictimaiyyətinin sülhyaratma prosesində iştirakları beynəlxalq standartlara uyğun deyil. Əksinə, hətta onlar sülh prosesinin əleyhinə çalışırlar. Ermənistan mediasının fəaliyyətində sülhə yönəlik sistemli davranış görünmür. Bu ölkənin mediası öz cəmiyyətlərində qisasçılıq hissinin artırılmasında rol alır”.