ERMƏNİSTAN PREZİDENTİ AŞPA-DAKI ÇIXIŞINDA ÖZÜNÜ İFŞA ETDİ
Onun çıxışının əsas hissəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdur. Ermənistanın Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini öhdəsinə götürdüyünü bəyan edən R. Koçaryan, münaqişənin səbəbini öz bildiyi kimi qələmə verməyə və onun əsas məğzini pərdələməklə avropalı deputatlarda yeni fikir formalaşdırmağa cəhd göstərmiş və Dağlıq Qarabağın heç vaxt müstəqil Azərbaycanın tərkibində olmadığını iddia etmişdir.
Öz çirkin niyyətindən əl çəkməyən R. Koçaryan 1992-1994-cü illərdəki müharibənin guya işğalçılıq siyasəti aparan və Dağlıq Qarabağ ərazisində etnik təmizləmə siyasəti yeritmək istəyən Azərbaycanın tərəfindən başlandığını, əslində, müharibənin öz müqəddəratını təyin etmək və müstəqil olmaq istəyən Dağlıq Qarabağla Azərbaycan arasında baş verdiyini söyləmişdir.
R.Koçaryan riyakarlıqla Ermənistanın atəşkəsin qorunub saxlanmasına və münaqişənin sülh yolu ilə həllinə həmişə hazır olduğunu bildirmiş və danışıqların baş tutmamasının təqsirini Azərbaycanın üzərinə yıxmağa cəhd göstərmiş, ölkəsinin Azərbaycan və Türkiyə tərəfindən blokadaya alındığını iddia etmişdir.
Türkiyə-Ermənistan münasibətləri üzərində ətraflı dayanan R.Koçaryan Türkiyəni sərhədləri açmamaqda günahlandırmışdır.
Çıxışdan sonra R.Koçaryan deputatların çoxsaylı suallarına cavab vermişdir. Demokratiya, ölüm hökmünün ləğvi ilə bağlı bir neçə sual istisna olmaqla, əksər suallar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, iki ölkə prezidentlərinin arasında aparılan danışıqlar, kommunikasiya xətlərinin açılması, Dağlıq Qarabağ ərazisindən Ermənistan ordusunun çıxarılması, Türkiyə-Ermənistan münasibətləri ilə bağlı idi.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Rafael Hüseynov da R.Koçaryana suallarla müraciət etmişlər.
S.SEYİDOV: Mən təəssüf edirəm ki, BMT, ATƏT, NATO kimi təşkilatlar və bütün dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasına baxmayaraq, Ermənistan bu faktı inkar etmiş oldu. Sualım bundan ibarətdir ki, Dağlıq Qarabağ ətrafında Azərbaycanın işğal edilmiş digər yeddi rayonunun Ermənistan tərəfindən azad edilməsi danışıqlar yolunda çox bariz bir addım olmazdımı və Azərbaycan və Gürcüstan kimi, Ermənistanın da Avroatlantika strukturlarına real şəkildə inteqrasiya etməsinə imkan yaratmazdımı?
R.HÜSEYNOV: Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müxtəlif kütləvi informasiya vasitələrində verdiyiniz bəyanatlardan xəbərdarıq. Siz 2003-cü ilin yanvarında ermənilərlə azərbaycanlıların etnik uyuşmazlığı barədə bəyanat vermişdiniz və Avropa Şurası da buna dərhal mənfi münasibətini bildirmişdir.
2004-cü ilin mayında Xankəndidə bəyan etmişdiniz ki, Şuşanın işğalında iştirakınızla fəxr edirsiniz və bunu həyatınızın ən mühüm günlərindən sayırsınız. Müxtəlif mənbələrdən gələn informasiyaya görə, siz 1992-ci ilin fevralında Xocalının işğalında yüzlərlə azərbaycanlının qətlə yetirilməsində iştirak etmisiniz.
Bütün bunlardan sonra siz doğrudanmı Ermənistan-Azərbaycan münaqişəsinin həllində öz rolunuzun reallığını təsəvvür edə bilirsiniz?
Azərbaycan deputatlarının suallarına cavab verərkən R.Koçaryan vaxtilə Azərbaycan tərəfi Kiv-Uest danışıqlarında razılığa gəlsəydi, işğal altındakı ərazilərin bir hissəsinin taleyinin artıq indiyədək həll ediləcəyini, münaqişənin paket həllinə hazır olduqlarını, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağla heç bir əlaqəsi olmaması şərti ilə tanıdıqlarını, vaxtilə Dağlıq Qarabağda keçirilmiş referendumun onun öz gələcək müqəddəratını təyin etməsində mühüm rol oynadığını bildirmişdir. Daha sonra R.Koçaryan Budapeştdə erməni zabitinin azərbaycanlı zabit tərəfindən öldürülməsini azərbaycanlıların ermənilərə bəslədikləri münasibətin bir əlaməti olduğunu, 1992-1994-cü illərdə hərbi əməliyyatlarda iştirakı ilə fəxr etdiyini demişdir.
İstər çıxışında, istərsə də suallara cavabında R.Koçaryan daxili hisslərini büruzə verməklə özünü ifşa etmiş və hərbi əməliyyatlarda iştirakı ilə fəxr etdiyini deməsi onun müharibə canisi olduğunu və əllərinin yüzlərlə azərbaycanlının qanına batdığını təsdiqləmişdir.
Sonra Ermənistan prezidenti mətbuat konfransı keçirmişdir. R.Koçaryana ünvanlanan sualların əksəriyyəti azərbaycanlı jurnalistlər tərəfindən verilmişdir. AZƏRTAC-ın müxbiri də ona aşağıdakı sualla müraciət etdi: - Azərbaycan ərazisinin 20 faizini işğal etməklə 800 min azərbaycanlını öz doğma torpaqlarından didərgin salan, onları adi hüquqlarından belə məhrum edən və 260 min azərbaycanlını isə tarixən yaşadıqları indiki Ermənistan ərazisindən silah gücünə zorla çıxardan Ermənistan işğalçı dövlət deyilmi? Gələcəkdə bu məsuliyyətin erməni xalqının üzərinə düşəcəyi barədə heç fikirləşirsinizmi?
CAVAB: Gəlin görək, bugünkü vəziyyət nədən irəli gəlir? Hərbi əməliyyatlar niyə başladı? Əvvəlcə Dağlıq Qarabağda referendum keçirildi, orada yaşayan ermənilər öz müqəddəratını təyin edərək, özlərini müstəqil elan etdilər. Bununla razılaşmayan Azərbaycan tərəfi hərbi əməliyyatlara başlamağa rəvac verdi. Yüz mindən bir qədər artıq əhalisi olan Qarabağda müharibənin başlanması faktı da bu gün öz aktuallığını itirmişdir. Öz gücünə və əsgərlərinin çoxluğuna güvənən Azərbaycan müharibəyə birinci başladı. Ona görə də hazırkı vəziyyətə görə məsuliyyət Azərbaycanın üzərinə düşür. Mən sizin sualınızı Azərbaycan tərəfinə verərdim.
Cavabdan göründüyü kimi, Ermənistan Prezidenti sualın mahiyyətini başa düşməyərək, yaxud başa düşmək istəməyərək, ona başqa prizmadan yanaşmışdır.