Ermənistanın təcavüzkar siyasətinin nəticələri İtaliya ictimaiyyətinin diqqətinə çatdırılıb
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin əsas xəbər kanalı “RaiNews24”ün xəbərlər proqramına müsahibəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, təmas xəttindəki son durum, münaqişənin həllinə dair ölkəmizin mövqeyi barədə danışıb.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, verilişin aparıcısı Emma Farnenin suallarına cavab olaraq M.Əhmədzadə münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq sənədlərə istinad edərək, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu qeyd edib. O, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərində qalmasının münaqişənin həlli üçün başlıca maneə olduğunu vurğulayıb. Ermənistandakı hakim rejimin Azərbaycan torpaqlarının işğalı ilə hakimiyyətə gəldiyini vurğulayan səfir əlavə edib ki, bu rejim apardığı daxili siyasətinə görə sərt tənqidlərə məruz qalır və Ermənistanın dərin sosial-iqtisadi böhran keçirdiyi bir şəraitdə hakimiyyəti əldə saxlamaq üçün təmas xəttində vəziyyəti gərginləşdirir.
Səfir erməni tərəfinin Azərbaycanla bağlı dezinformasiya xarakterli məlumatlarını faktlar əsasında ifşa edib, Azərbaycanın nizami orduya malik olduğunu və ordumuzun öz vəzifəsini beynəlxalq humanitar hüquqa uyğun yerinə yetirdiyini, Ermənistan silahlı birləşmələrində ASALA terrorçu təşkilatının üzvlərinin iştirakına dair çoxsaylı sübutların olduğunu vurğulayıb.
Diplomat erməni tərəfinin münaqişəyə dini don geyindirmək cəhdlərinin qəbuledilməz olduğunu, münaqişənin əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının dayandığını bildirib. O, Azərbaycanın çoxmədəniyyətli dövlət olduğunu və ölkəmizin multikulturalizm modelinin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Veriliş boyu Ermənistanın Azərbaycana qarşı təcavüzü, xəritə üzərində işğal olunmuş ərazilərimiz və təmas xəttindən kadrlar göstərilib.