Eşitmə və nitq qabiliyyəti olmayan şəxslər üçün maarifləndirmə işləri davam edir
Bakı, 12 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslər üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” adlı sosial sifarişi əsasında, bu qəbildən olan şəxslərin informasiya əldə etmək hüquqlarının təmin olunmasında bərabər imkanların yaradılması məqsədilə “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən videoportal (www.surdotv.az) yaradılıb.
AZƏRTAC xəbər verir ki, müxtəlif maraqlı veriliş və proqramların, milli və xarici kinoların, məlumatlandırıcı və əyləncəli videomaterialların surdo-tərcümə olunaraq www.surdotv.az videoportalına yerləşdirilməsi nəticə etibarı ilə eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslərin internet üzərindən videoməlumat almasına imkan yaradacaq, eyni zamanda, televiziya kanallarında verilən proqramların surdo-tərcümə edilərək SURDO TV internet kanalında yerləşdirilməsi həmin kateqoriyalı şəxslərin daha dolğun informasiyalar əldə edərək cəmiyyətə inteqrasiya olunmalarına zəmin yaradacaq.
Hazırda bu sayda 70-dən çox film (bundan 11 qısametraj filmlərdi), 7 cizgi filmi yerləşdirilib. Dəyərli izləyicilərin təklifləri də nəzərə alınmaqla məlumatlandırıcı və əyləncəli videomaterialların müvafiq formatda hazırlanaraq sayta yenilənməsi təmin ediləcək.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan olunmuş hazırkı xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən sosial izolyasiya tədbirləri ilə əlaqədar evdə qalaraq özünütəcrid şəraitində yaşamağa məcbur olan eşitmə və nitq qabiliyyəti olmayan şəxslərin, eləcə də digər insanların asudə vaxtlarının səmərəli keçməsi, habelə koronavirusdan qorunma üsulları barədə maariflənmələrində www.surdotv.az videoportalı çox faydalı olacaq.