ESTONİYA AZƏRBAYCANIN AVROPA QURUMLARINA İNTEQRASİYASI ÜÇÜN SƏYLƏRİNİ ƏSİRGƏMƏYƏCƏK
Komissiyanın sədri Səməd Seyidov qonaqlara bildirdi ki, ötən illər ərzində ölkəmiz bir sıra beynəlxalq təşkilatlara üzv qəbul olunmuşdur və respublikamızın nümayəndələri bu qurumlarda Estoniya təmsilçiləri ilə sıx əməkdaşlıq edirlər. Ölkələrimizin AŞPA-dakı nümayəndə heyətləri bir çox məsələlərdə vahid mövqe tuturlar.
Səməd Seyidov xatırlatdı ki, Azərbaycanın qarşılaşdığı ən ağır problem erməni silahlı qüvvələrinin torpaqlarımızın 20 faizini işğal etməsi, bunun nəticəsində bir milyonadək vətəndaşımızın qaçqına və məcburi köçkünə çevrilməsi ilə bağlıdır. Komissiyanın sədri dedi ki, Azərbaycanın məqsədi atlantik strukturlarına daxil olmaqdır, lakin kənardan dəstəklənən separatizm bu yolda böyük problemə çevrilmişdir”.
Marko Mihkelson səmimi qəbula görə təşəkkür edərək, Estoniya ilə Azərbaycan arasında əlaqələri, ölkələrimizin parlamentlərindəki deputat dostluq qruplarının qarşılıqlı səfərlərini yüksək qiymətləndirdi. O qeyd etdi ki, Estoniya Avropa Birliyinin və NATO-nun üzvüdür, Azərbaycanın Avropa strukturlarına inteqrasiyası üçün səylərini əsirgəməyəcəkdir. Qonaq bildirdi ki, Azərbaycanın qarşılaşdığı problemlə tanışdır. Onun fikrincə, bu problem beynəlxalq hüquq normaları əsasında həll edilməlidir.