Estoniya xarici işlər nazirinin müavini Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb
Bakı, 26 aprel, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Estoniyanın xarici işlər nazirinin müavini Killike Silaste-Ellinq ilə də görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması və hazırkı vəziyyəti barədə məlumat verən nazir Elmar Məmmədyarov diqqəti BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrə yönəldib. Nazir bildirib ki, sözügedən qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan torpaqlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması öz əksini tapsa da, təəssüf ki, qətnamələr hələ də icra edilməyib. Qeyd edilib ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Görüşdə, həmçinin Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən regional layihələr barədə fikir mübadiləsi aparılıb və bu xüsusda Avropa İttifaqının etibarlı tərəfdaşı kimi Azərbaycanın rolu yüksək qiymətləndirilib.