Estoniyada Azərbaycan diasporu ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb
Bakı, 9 noyabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Estoniyaya səfəri çərçivəsində bu ölkənin bir sıra rəsmiləri ilə görüşüb.
Dövlət komitəsindən AZƏRTAC-a bildirilib ki, Fuad Muradov Estoniyanın dövlət idarəçiliyi naziri Riina Solman və Mədəniyyət Nazirliyinin Xarici əlaqələr departamentinin rəhbəri, icmalar üzrə məsul nümayəndəsi Anne Ly Reima ilə bir araya gəlıb.
Görüşlər zamanı ölkələrimiz arasında tarixi münasibətlər, Azərbaycan icmasının Estoniyada aktiv fəaliyyəti, eston cəmiyyətinə sürətlə inteqrasiya edən soydaşlarımızın ölkənin ictimai-siyasi və humanitar həyatında yaxından iştirak etmələrindən bəhs edilib. Söhbət zamanı Azərbaycan dövlətinin diaspor siyasəti, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən danışılıb, xalqımızın multikultural və tolerantlıq dəyərlərə malik olduğu, müxtəlif azsaylı xalqların ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşadığı vurğulanıb. Bildirilib ki, ölkəmizdə yaşayan bütün xalqlar Birinci və İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyü uğrunda birlikdə mübarizə aparıblar. Hazırda işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri apardığı da diqqətə çatdırılıb.
Komitə sədri Estoniyanın hər zaman Azərbaycan dövlətinin yanında olmasına, bu ölkədə Azərbaycan icmasına göstərilən dəstəyə görə nazir Riina Solman və departament rəhbəri Anne Ly Reimaya təşəkkürünü bildirib.
Estoniya rəsmiləri vurğulayıblar ki, Azərbaycan icması Estoniyada digər icmalara nümunədir. Soydaşlarımızın hər zaman Estoniyanın maraqlarına xidmət edən fəaliyyət nümayiş etdirməsi məmnunluqla qeyd olunub.
Ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da dərinləşməsi və Azərbaycan diasporu ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.