Ətraf mühitin çirklənməsinə yol verən sahibkarlar məsuliyyətə cəlb edilib
İmişli, 16 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı rayon ərazisində yerləşən avtomobil təmiri məntəqələrinin birinin ətrafında təmir zamanı yaranan tullantıların qalaqlanması faktı aşkar edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı rayonun Talış kəndi ərazisində yerləşən avtomobil təmiri məntəqəsinin ətrafında da təmir zamanı yaranan tullantıların qalaqlanması faktı aşkarlanıb.
Qeyd olunan qayda pozuntusuna yol verən sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilib.