FAİQ HƏSƏNOV: “BAKI TURNİRİ FİDE-NİN QRAN-PRİ TURNİRLƏRİ ARASINDA ƏN NÜFUZLUSUDUR”
FİDE Azərbaycanda şahmatın inkişafını nəzərə alaraq, şahmat şəhərciyinin və akademiyasının yaradılması təklifi ilə cıxış etmişdir. AZƏRTAC-ın müxbiri Bakıda keçirilən FİDE-nin Qran-Pri turnirinin baş hakimi Faiq Həsənovdan bu məsələləri şərh etməyi xahiş etmişdir.
- FİDE-nin prezidenti Kirsan İlyumjinov Qran-Pri turnirinin açılış mərasimindəki çıxışında Bakıda şahmat şəhərciyinin yaradılacağı barədə açıqlama vermişdir. Bu layihənin reallaşması nə dərəcədə mümkündür?
- Bu, bizim çoxdankı arzumuzdur. Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə şahmatın inkişafı ilə bağlı Sərəncamı var. Şahmat Federasiyası da Bakıda Şahmat sarayının olması ilə bağlı təklif irəli sürmüşdür. Paytaxt sakinlərinin xatirindədir ki, əvvəllər Milli Parkda şahmat klubu fəaliyyət göstərirdi. Respublikanın tanınmış şəxsləri, sadə adamlar gəlib klubda şahmat oynayar, görüşərdilər. Bir sözlə, bu, gözəl bir ənənəyə çevrilmişdi. Təəssüflər olsun ki, şahmat klubu 1990-cı ilin əvvəllərində o dövrdə ölkədəki qarışıqlıq nəticəsində söküldü. Biz indi onu bərpa etmək istəyirik.
Prezidentin məlum Sərəncamı ilə Milli Park genişlənməlidir. Şahmat sarayının burada salınması, məncə çox yerinə düşərdi. Şəhər sakinləri, qonaqlar yenə də gəlib orada istirahət edər, vaxtlarını xoş keçirərdilər.
FİDE prezidentinin istəyi ilə şahmat mərkəzində akademiyanın da yaradılması nəzərdə tutulmuşdur. Bu, Azərbaycan üçün lazımlı bir şahmat mərkəzi olardı. Akademiyada müxtəlif ölkələrin gənc şahmatçıları təhsil ala, ustalıqlarını artıra bilərlər. Məsələn, belə bir akademiya Sinqapurda mövcuddur.
- Turnirdə FİDE-nin qərarı ilə “Sofiya qaydası” tətbiq edilmişdir. Bu qayda nə məqsədlə tətbiq edilib?
- Sirr deyil ki, belə mötəbər yarışlarda qrossmeysterlər arasında danışılmış oyunlar da olur. Bu cür hallarda oyunun keyfiyyəti aşağı düşür, şahmatçılar taxta arxasında sonadək mübarizə aparmırlar. “Sofiya qaydası”na görə, şahmatçılar oyun zamanı bir-birinə heç-heçə təklif edə bilməzlər. Bu səlahiyyət yalnız baş hakimə verilir.
- Baş hakim kimi yarışın təşkilindən, şahmatçılara yaradılmış şəraitdən razısınızmı?
- Bildiyiniz kimi, mən yarışın baş hakimi olmazdan əvvəl, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti və turnirin təşkilatçılarından biriyəm. Ulu öndər Heydər Əliyevin 85-ci ildönümü münasibətilə Bakıda keçirilən FİDE-nin Qran-Pri turniri çox yüksək səviyyədə təşkil olunmuşdur. Şahmatçılara gözəl oyun nümayiş etdirmələri və yaxşı istirahətləri üçün hər cür şərait yaradılmışdır. Qeyd edim ki, Bakı turniri FİDE-nin keçirəcəyi 6 Qran-Pri turnirindən reytinqcə ən nüfuzlusudur.