İDMAN
Famil Xəlilov “Qəbələ” Futbol Akademiyasına baş məşqçi təyin olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
“Qəbələ” Futbol Akademiyasının komandaları yeni mövsümün hazırlığını start verib. Akademiya 2020/2021-ci il mövsümündə U-19, U-17, U-16, U-15 liqalarında, həmçinin U-14, U-13, U-12, U-11 və U-10 liqalarının zona yarışlarında təmsil olunacaq. U-8 komandası da yay fasiləsinə son verərək hazırlığa başlayıb.
AZƏRTAC xəbər verir ki, komandaların hazırlığına 20 nəfərlik heyət rəhbərlik edir. Halim Fıçıcının klubdan ayrılmasından sonra akademiyanın baş məşqçisi vəzifəsinə Famil Xəlilov təyin olunub. O, həm də U-19 komandasını çalışdırır. Yeni mövsümdə Zaur Hacıyev U-17, Sərdar Qafarov U-16, Ülfət Mədətov U-15 komandasının baş məşqçisi olub. Şəhriyar Kərimli U-14, Namiq Əliyev U-13, Turxan Ümüdlü U-12, Təbriz Hüseynli U-11, Anar Surxayev U-10 komandasını çalışdırır. Rəvan Rəcəbov isə U-8-i yeni mövsümə hazırlaşdırır. Akademiyanın komandalarının hazırlığında qapıçı məşqçiləri Elçin Rzazadə və Oruc Quliyev də iştirak edirlər.