CƏMİYYƏT
FAO və ÜHST-ni təmsil edən ekspertlər AQTA və AQTİ-də olublar
![](/files/galleryphoto/2023/1/1200x630/16787796165597632625_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16787796163535658281_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16787796161863114723_1200x630.jpeg)
Bakı, 14 mart, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya ofisinin eksperti Eran Raizman ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) eksperti David Paton Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qonaqlara ölkəmizdə qida təhlükəsizliyinin, o cümlədən heyvan sağlamlığının təmin olunması sahəsində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar onların diqqətinə çatdırılıb.
Görüş zamanı bildirilib ki, son dövrlərdə respublikamızın baytarlıq sistemində köklü islahatlar aparılaraq heyvan xəstəliklərinin aşkarlanması və izlənməsi, habelə insan, heyvan və ətraf mühit üçün təhlükə törədən heyvan xəstəliklərinin minimuma endirilməsi istiqamətində mühüm tədbirlər görülür. Əsas hədəflərdən biri də dünya iqtisadi sisteminə inteqrasiya etməklə, ticarət üçün maneələr yaradan xəstəliklərə qarşı xüsusi mübarizə tədbirlərinin həyata keçirilməsidir və bu sahədə ölkəmizlə FAO və ÜHST arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Azərbaycanın xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad ölkələrin siyahısına daxil edilməsi və ölkə ərazisində dabaq xəstəliyindən azad zonanın yaradılması istiqamətində tədbirlərin davam etdirildiyi qeyd olunub.
Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Görüşdən sonra Qida Təhlükəsizliyi İnstitutunun iş prinsipini öyrənmək məqsədilə institutun laboratoriyalarına baxış keçirilib. Eran Raizman və David Paton laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Beynəlxalq ekspertlər bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.