Federal Təhqiqat Bürosu koronavirusa qarşı saxta anticisimlərin yayılması barədə xəbərdarlıq edir
Vaşinqton, 1 iyul, AZƏRTAC
ABŞ Federal Təhqiqat Bürosu (FTB) dələduz insanlar tərəfindən koronavirusa qarşı saxta anticisimlər yayıldığını bəyan edib.
AZƏRTAC xəbər verir ki, anticisimlər üçün götürülən əsl testlər insanın bundan əvvəl koronavirusa yoluxub-yoluxmadığını təyin edir. Bununla belə, ABŞ-da saxta testlər aparan dələduz qrupların sayı artıb. Onlar nəinki saxta nəticələr verir, həmçinin saxta testlərdən keçən insanların şəxsi məlumatlarını oğurlayırlar. Bu, adətən internet vasitəsilə həyata keçirilir: insanlar öz analizlərini və şəxsi məlumatlarını göndərir və bir neçə gün ərzində cavab alırlar. Bundan əlavə, fırıldaqçılar gələcəkdə istifadə edə biləcəkləri tibbi sığorta, maliyyə və şəxsi məlumatları da əldə etməyə çalışırlar.
FTB ictimaiyyəti anticisim testləri üçün reklam olunan bu və ya digər dərman vasitələrindən istifadə etməzdən əvvəl Federal İdarə tərəfindən onların təsdiqlənməsinə aid məlumatları öyrənməyə çağırır. Bu xidmətlər tez-tez sosial şəbəkələrdə reklam olunur və ya adətən naməlum mənbələrdən “pulsuz testlər” təklif edən marketoloqlar tərəfindən elektron ünvana gəlir. FTB bu məlumatları Federal İdarənin dərman vasitələri üzrə saytında yoxlamağı, həkimlə məsləhətləşməyi, yaxud da analiz vermək üçün tanınmış laboratoriya və ya xəstəxanaya müraciət etməyi təklif edir.
Milli Təhlükəsizlik Nazirliyi yanında Daxili Təhlükəsizlik Xidməti bundan əvvəl COVID-19 üçün 885-dən çox saxta test, qadağan olunmuş narkotik maddələr və saxta maskalar aşkarlayıb.
AZƏRTAC-ın Vaşinqton bürosu