Fərhad Abdullayev: Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin şah əsəridir
Bakı, 4 iyul, AZƏRTAC
Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi münasibətilə beynəlxalq konfrans keçirmək qərarına gəldik. Konstitusiya Məhkəməsi 25 il müddətində insan hüquqları və azadlığı və konstitusiya dəyərlərinin qorunması sahəsində fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
O qeyd edib ki, Konstitusiya Məhkəməsi fəaliyyətini beynəlxalq və xarici milli məhkəmələrin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübələri ilə zənginləşdirməyə çalışır: "Bu gün 14 ölkənin nümayəndəsi tədbirə qatılıb. Ümid edirəm ki, konfransda faydalı fikir mübadiləsi aparılacaq".
Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsinin 25 illiyinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi çox əlamətdardır. "Vaxtilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə bununla bağlı təşkil olunmuş komissiya Konstitusiya layihəsini hazırlayıb. Ümummilli Lider Konstitusiyanın bütün müddəalarına həssaslıqla yanaşıb və Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Biz bu gün böyük fəxrlə deyə bilərik ki, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyası Ulu Öndər Heydər Əliyevin şah əsəridir", - deyə F.Abdullayev əlavə edib.