FƏRİD MANSUROV AZƏRBAYCANIN İDMAN TARİXİNƏ YENİ BİR SƏHİFƏ YAZMIŞDIR
Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatında Gürcüstan idmançıları uğurlu nəticələr əldə edirlər.
AZƏRTAC-ın müxbiri Gürcüstan yığma komandasının baş məşqçisi, Gürcüstan və Qazaxıstanın əməkdar məşqçisi Nuqzar Sxireli ilə görüşüb ondan müsahibə almışdır.
- Gürcüstanın güləş üzrə yığma komandası dünya çempionatında neçə idmançı ilə təmsil olunmuşdur? Yetirmələrinizin çempionatdakı çıxışlarından razısınızmı?
- Bakıda keçirilən dünya çempionatında Gürcüstanın idman şərəfini 14 güləşçi qoruyur. Sözün düzü, yunan-Roma güləşi üzrə idmançılarımızdan bu cür uğurlu nəticəni gözləmirdim. İki güləşçimizin idmanın bu növündə qalib adını qazanması, digərinin isə bürünc medala layiq görülməsi Gürcüstan üçün böyük nailiyyətdir. Onların məhz Bakıda bu adı qazanması bizim üçün ikiqat bayramdır. Çünki Gürcüstan və Azərbaycan qonşu ölkələr olmaqla yanaşı, xalqlarımız arasında da qədim tarixə malik dostluq münasibətləri vardır. Burada idmançılar üçün yaradılmış şəraitdən də çox razıyıq.
- Azərbaycanda idmanın inkişafı ilə bağlı fikrinizi bilmək maraqlı olardı...
- Gürcüstan nümayəndə heyətinin fikri belədir ki, Azərbaycanda idmana xüsusi qayğı göstərilir. Elə bu yarışların keçirildiyi Heydər Əliyev adına İdman-Konsert Kompleksinin beynəlxalq standartlara uyğun yenidən təmir olunması dövlətin idman sahəsinə olan qayğısının nəticəsidir. Bizim hətta bu barədə digər ölkələri təmsil edən dostlarımızla da ətraflı söhbətlərimiz olmuşdur. Ümumi rəy belədir ki, Azərbaycanda idmanın inkişafı dövlətin prioritet vəzifələrindən birinə çevrilmişdir.
- Təcrübəli məşqçi kimi Azərbaycan güləşçilərinin mühüm beynəlxalq yarışlardakı çıxışlarını necə qiymətləndirirsiniz?
- Son illər Azərbaycan idmançılarının dünya və Avropa çempionatlarında göstərdiyi nəticələr uğurlu sayılmalıdır. İştirakçısı olduğumuz dünya çempionatına gəldikdə isə deməliyəm ki, Azərbaycan güləşçiləri ənənəvi olaraq aşağı çəki dərəcələrində daha inamlı təsir bağışlayırlar. İdmançılarınızdan artıq dünya çempionu olmuş Fərid Mansurovun adını çəkə bilərəm ki, o, çempionatın ilk günündə Azərbaycanın idman tarixinə yeni bir səhifə yazmışdır.
- Bakının görməli yerləri ilə yaxından tanış ola bildinizmi?
- Bakıda bir neçə dəfə olmuşam. Son dəfə buraya üç il bundan öncə gəlmişdim. Əvvəlki illərlə müqayisədə çox böyük dəyişikliklər müşahidə etdim. Ötən müddətdə Bakı tamamilə dəyişərək yeni bir görkəm almış, müasir Avropa şəhərinə çevrilmişdir. Bu da onu göstərir ki, ölkəniz sürətlə inkişaf edir, insanların həyat səviyyəsi yaxşılaşır.