Fərid Şəfiyev: Azərbaycan qlobal problemlərin müzakirə edildiyi platformaya çevrilib
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan qlobal və beynəlxalq problemlərin müzakirə edildiyi mühüm platformaya çevrilib. Paytaxtımız mütəmadi olaraq beynəlxalq tədbirlərə ev sahibliyi edir. Növbəti tədbir martın 15-16-da İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunacaq və “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda Bakıda təşkil olunacaq beynəlxalq konfransla bağlı keçirilən brifinqdə söyləyib.
F.Şəfiyev qeyd edib ki, BMT-nin Baş Assambleyası ötən il martın 15-də “İslamofobiya ilə mübarizə günü” elan edilməsi haqqında qətnamə qəbul edib. Qətnamənin qəbul edilməsindən 1 il ötür və bu münasibətlə Azərbaycan bu mövzuda beynəlxalq elmi konfrans keçirir.
Diqqətə çatdırılıb ki, bu tədbirdə islamofobiya, diskriminasiya və digər məsələlər elmi nöqteyi-nəzərdən müzakirə ediləcək. Xüsusilə Qərb dövlətlərinin İslam ölkələrinə qarşı yürütdüyü siyasət müzakirə olunacaq.