FHN: Cəbrayıl rayonu ərazisindəki yanğın mina təhlükəsinə görə helikopter vasitəsilə söndürülüb
Bakı, 26 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Cəbrayıl rayonu ərazisində yerləşən Güllücə aşırımında quru ot və kol-kosun yanması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ərazinin düşmən tərəfindən minalandığını və buna görə yanğının yerdən söndürülməsinin təhlükəsini nəzərə alaraq, yanğınla mübarizə məqsədilə FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib.
Görülmüş operativ tədbirlərlə yanğının genişlənərək yaxınlıqdakı sıx meşə zolağına keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.