FHN Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat tədbirlərini davam etdirir
Bakı, 14 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində inşa olunan uşaq bağçasının, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Gəncə şəhərində inşa olunan yaşayış binasının tikinti meydançasında yanğına qarşı təbliğat tədbiri keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, inşa olunan obyektlərin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlərdə tikinti-quraşdırma işləri icra edərkən, eləcə də inzibati və ictimai binalarda, o cümlədən məişətdə yanğın təhlükəsizliyi qaydalarına dair ətraflı məlumat verilib. Ərazinin daim təmiz vəziyyətdə saxlanılması, təxliyə yollarının qaydaların tələblərinə cavab verməsi, yanğın zamanı davranış qaydaları, ilkin yanğınsöndürmə vasitələrinin iş qaydaları, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi qeyd olunub.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.