FHN yanğın təhlükəsinə görə “Ağsu” mehmanxanasının fəaliyyətini dayandırıb
Bakı, 25 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ağsu şəhərinin Tariyel Xasıyev küçəsi, 12 ünvanında yerləşən “Ağsu” mehmanxanasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, obyekt yanğınxəbərverici siqnalizasiya, tüstüdən mühafizə qurğuları və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və obyektin daxilində hər an yanğın təhlükəsi yarada biləcək elektrik birləşmələri mövcuddur. Eyni zamanda, təxliyə yollarının yanar materialdan olan üzlüklərlə bəzədilməsinə yol verilib, obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb və obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən mehmanxananın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.