İDMAN
FİFA PREZİDENTİ TƏKLİFİNDƏN İMTİNA EDİR
AZƏRTAC Assoşieyted Press Agentliyinə istinadla xəbər verir ki, FİFA prezidenti Yozef Blatter qarşıdakı dünya çempionatında azarkeşləri irqçilikdə ifşa olunan komandaları xallarını azaltmaqla cəzalandırmaq barədə öz təklifindən imtina etmişdir. Onun fikrincə, belə qayda tətbiq edilərsə, azarkeşlər bu və ya digər görüşlərin nəticələrinə qəsdən təsir göstərə bilərlər.
Blatter demişdir ki, hər hansı konkret komandanın azarkeşlərinin irqçilik şüarları söylədiyini sübuta yetirmək mümkün olmayacaqdır, çünki onların məhz hansı komandanı “təmsil etdiyini” müəyyənləşdirmək baş tutan iş deyildir. FİFA-nın sanksiyaları ancaq futbolçulara – dünya çempionatının iştirakçılarına şamil ediləcək, əlbəttə, əgər onlar irqçilikdə ifşa olunarsa.
FİFA rəhbəri bildirmişdir ki, bütün komandaların oyunçuları hər görüşdən əvvəl əllərində irqçiliyin pisləndiyi plakatlar tutacaqlar, dörddə bir finaldan başlayaraq isə yığmaların kapitanları azarkeşlərə xüsusi müraciət oxuyacaqlar.