FİKRƏT QOCANIN YUBİLEYİ TÜRKİYƏDƏ QEYD OLUNMUŞDUR
Türkiyə Yazarlar Sindikatının təşkil etdiyi yubiley tədbirində çıxış edən görkəmli türk yazıçı və şairləri Ataol Bəhramoğlu, Çengiz Bekdaş, Ənvər Ercan Fikrət Qocanın həyat və yaradıcılığından ətraflı söhbət açmış, onun nəcib şəxsi keyfiyyətlərini - təvazökarlığını, ziyalılığını xüsusi vurğulamış, Fikrət Qoca sözünün Azərbaycan və ümumiyyətlə türk dünyası ədəbiyyatındakı özünəməxsus yeri haqqında danışmışlar.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Fikrət Qoca ilə dostluğunu qeyd etmiş, şairin yaradıcılığından danışmışdır.
Yubiley mərasiminin təşkilatçılarına təşəkkürünü bildirən Fikrət Qoca bu tədbirdə iştirak edən bütün ədəbiyyatsevərlərə minnətdarlığını bildirmiş, şeirlərinə bəslənən mahnılardan ibarət kompakt diski Türkiyə Yazarlar Sindikatına təqdim etmişdir. Türkiyə Yazarlar Sindikatının sədri Ənvər Ercan xalq yazıçısı Anara və xalq şairi Fikrət Qocaya Sindikatın fəxri üzvlük vəsiqələrini təqdim etmişdir.