SİYASƏT
Filippin səfiri: COP29-un növbəti günlərini səbirsizliklə gözləyirəm
Bakı, 11 noyabr, AZƏRTAC
“İlk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik etmək istəyirəm. COP29-un yüksək səviyyəli təşkilatçılığına görə Azərbaycana minnətdarlığımızı bildirirəm. İndiyə qədər hər şey qaydasındadır və hesab edirəm ki, buna görə biz Azərbaycan xalqına, hökumətinə, şəxsən Prezident İlham Əliyevə borcluyuq”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Filippin Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurto söyləyib.
O xatırladıb ki, COP29 dünyada qlobal, nəhəng bir hadisədir.
“Mən COP29-un növbəti günlərini səbirsizliklə gözləyirəm. Azərbaycanın Sədrliyi ilə bu tədbirin müsbət başa çatacağı qənaətindəyəm. Ona görə də Prezidentə, Azərbaycan xalqına bütün hazırlıqlara görə təşəkkür edirəm”, - deyə səfir qeyd edib.
Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiyini xatırladan səfir bildirib: “COP29 tədbirində görülən işlər Azərbaycanın öz milli nöqteyi-nəzəri ilə çox uyğundur. Bu tədbirin əsaslı nəticələr verəcəyini düşünürəm”.
O, həmçinin öz ölkəsindəki iqlim problemlərindən də danışıb.
“Bildiyiniz kimi, Filippində iqlim dəyişikliyi baxımından bir çox problemlə üzləşirik. Arxipelaq sularla əhatə olunduğumuz üçün suyun səviyyəsinin qalxması baxımından çox təhlükə altındayıq. Bu, yalnız Filippinin deyil, bütün dünyanın üzləşdiyi bir problemdir. Əslində bu, insanlıq mübarizəsidir. Ümid edirəm ki, COP29 sadəcə sözlər, öhdəliklər deyil, həm də bütün dünya insanlarının, ölkələrin iqlim dəyişikliyi ilə mübarizə çağırışlarına qoşulmaq üçün bir vasitə olacaq. Buna çox ümidliyik. Biz bütün ölkələrlə, bütün xalqlarla əməkdaşlıq etməliyik ki, qlobal çağırışa qlobal reaksiya yarada bilək”, - deyə fikrini yekunlaşdırıb.