FİNLANDİYA AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda ilk dəfə 1995-ci ildə olduğunu diqqətə çatdıran səfir Timo Lahelma, bu illər ərzində Azərbaycanda əsaslı islahatların aparıldığını məmnunluqla qeyd etdi. Ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu deyən səfir, 2004-cü ilin sentyabrından özündən sonrakı sələfi olacaq xanım Terhi Hakalanın da bu xətti davam etdirəcəyinə ümidvar olduğunu söylədi. Əlaqələrin davamlı inkişafı üçün ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayan səfir, bu illər ərzində ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində Finlandiyaya göstərdiyi dəstəyə görə səmimi təşəkkürünü bildirdi.
Daha sonra əlaqələrin perspektivlərinə toxunan səfir Timo Lahelma, Finlandiyanın ölkəmizdə fəxri konsulluq açmaq, Azərbaycan xəstəxanalarında reanimasiya şöbələrinin yeni texnika ilə təchiz olunması barədə Anlaşma Memorandumunu imzalamaq və mədəniyyət sahəsində əlaqələri genişləndirmək niyyətində olduğunu nazirin diqqətinə çatdırdı. Özünün gələcək fəaliyyətindən söz açan səfir, missiyasını Litvada davam etdirəcəyini dilə gətirdi.
Xarici işlər naziri Elmar Məmmədyarov əlaqələrin gələcək davamlı inkişafında Finlandiyanın maraqlı olduğunu yüksək qiymətləndirərək, bu sahədə birgə səylərin davam etdirilməsinin vacib olduğunu bildirdi. Xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov ölkələrimiz arasında münasibətlərin bundan sonra daha da möhkəm təməllər üzərində qurulması üçün Finlandiyanın Azərbaycanda daimi səfirliyinin fəaliyyət göstərməsini zəruri saydığını qeyd etdi. Ölkələrimiz arasında mədəniyyət sahəsindəki əlaqələrə toxunan nazir, təhsil və elm, həmçinin diplomatların təcrübəartırma kurslarında iştirakı sahəsində də əlaqələrin inkişaf etdirilməsi məsələsinin önəmli olduğunu diqqətə çatdırdı.
Ölkəmizin Avropa institutlarına inteqrasiya olunduğunu səfirin diqqətinə çatdıran nazir, Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfərini misal gətirərək, respublikamızın yeni qonşuluq siyasəti çərçivəsində Avropa Birliyi ilə münasibətlərinin inkişafına müsbət töhfə verdiyini qeyd etdi. Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər barədə səfirə məlumat verən Elmar Məmmədyarov, Avropa Birliyinin münaqişənin tənzimlənməsi ilə bağlı fəallığını xüsusi vurğuladı.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.