Floridada su təchizatı sisteminin işini pozmağa cəhd göstərilib
Vaşinqton, 9 fevral, AZƏRTAC
Florida şəhərinin yerli və federal hüquq-mühafizə orqanları şəhərin sutəmizləmə stansiyasına hakerlərin müdaxiləsi ilə bağlı təhqiqat başlandığını elan ediblər. Həmin şəxs şəhərin su təchizatı sistemində kimyəvi maddələrin miqdarını artıraraq təhlükəli həddə çatdırmağa cəhd göstərib.
AZƏRTAC Pinellas dairəsi polis şerifinin bəyanatına istinadla xəbər verir ki, yerli hüquq-mühafizə orqanları, Federal Təhqiqat Bürosu və ABŞ Məxfi Xidməti bu hadisə ilə əlaqədar birgə təhqiqat aparmağa başlayıb. Cümə günü Oldsmar şəhərində sutəmizləmə stansiyasının kompüter sisteminin işi pozulub. Əhalisinin sayı təqribən 15 min nəfər olan bu şəhər Tampadan 20 kilometr cənub-şərqdə yerləşir.
Sutəmizləmə stansiyasının operatoru cümə günü müşahidə edib ki, naməlum şəxs uzaq məsafədən bu sisteminin işinə müdaxilə edərək suyun tərkibindəki natrium-hidroksidin miqdarını artırmağa başlayıb. Pinellas dairəsinin şerifi Bob Qualtyeri mətbuat konfransında bildirib ki, bu maddənin miqdarı 100 dəfədən çox artırılıb.
Kanalizasiya təmizləyici maddələrin tərkibinə daxil olan natrium-hidroksid su təchizatı sistemlərində ağır metalları və digər çirkləndirici maddələri təmizləmək üçün nəzərdə tutulub. Haker təqribən 5 dəqiqə sistemdə olub, lakin operator onun hərəkətlərinə dərhal reaksiya verməyə macal tapıb. Sistemə haradan müdaxilə edilməsi və hakerin konkret məqsədlərinin nədən ibarət olması hələ məlum deyil.
AZƏRTAC-ın Vaşinqton bürosu