CƏMİYYƏT
Fövqəladə hallarla bağlı davranış qaydaları barədə ümumtəhsil məktəblərinin direktorlarına məlumat verilib









Bakı, 28 sentyabr, AZƏRTAC
Paytaxtdakı 20 nömrəli orta məktəbdə Fövqəladə Hallar Nazirliyinin (FHN) dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələri direktorlarının iştirakı ilə tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir fövqəladə hallarla bağlı davranış qaydaları barədə məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsinin təşkili məsələlərinə həsr olunub.
Dövlət Himni səsləndiriləndən sonra ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin keçirilməsində məqsəd məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirilməsi ilə əlaqədar qarşıda duran məsələlər və onların həlli yollarının müzakirəsi, bu sahədə səmərəli işin qurulması üçün metodiki köməkliyin göstərilməsindən ibarət olub.
Çıxış edənlər tədbirin vacib əhəmiyyətini və bu mövzuda müzakirələrin mütəmadi təşkil olunmasının faydasını qeyd ediblər.
FHN-in əməkdaşları tərəfindən fövqəladə hallarla bağlı zəruri davranış qaydaları, habelə məktəblərdə maarifləndirmə işinin təşkili ilə əlaqədar geniş məlumat verilib. Mövzuya dair videoçarxların müşayiəti ilə interaktiv formada keçirilən tədbirdə suallar ətraflı cavablandırılıb.