Frankfurtda “Sağalmayan yara: Xocalı soyqırımı və Qafqazda barışın gələcəyi” mövzusunda konfrans keçirilmişdir
Berlin, 1 mart (AZƏRTAC). Avropa Azərbaycanlıları Konqresi (AAK) və Almaniyadakı Rayn-Mayn Türk Toplumunun (TGRM) birgə təşkilatçılığı ilə Frankfurtdakı Türk Kültür Mərkəzində “Sağalmayan yara: Xocalı soyqırımı və Qafqazda sülhün gələcəyi” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmiş, erməni vəhşiliklərini əks etdirən film göstərilmişdir. “Dünya bu haqsızlıqlara nə vaxtadək susacaqdır” sualı ətrafında müzakirələr aparılmışdır.
Rayn-Mayn Toplumunun sədri Şener Sargut tədbiri açaraq Xocalı soyqırımının dəhşətləri haqqında iştirakçılara məlumat vermiş, Türk və Azərbaycan diasporunun bu hadisənin Almaniya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynadığını vurğulamışdır.
Konfransda Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür Xocalı faciəsinə beynəlxalq aləmdə siyasi və hüquqi qiymət verilməsi, bu faciənin beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək istiqamətində məqsədyönlü fəaliyyət aparılmasının vacibliyini vurğulamış, Almaniyada artıq bu istiqamətdə çalışacaq işçi qrupunun yaradılması zəruriyyətini bildirmiş, Qafqazda sülhün gələcəyi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları boşaltdıqdan sonra mümkün olacağını demişdir.
Konfransda iştirak edən Milli Məclisin deputatı idarə heyətinin üzvü Rövşən Rzayev, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri Kərim Şükürov və Siegen Universitetinin tarix fakültəsinin əməkdaşı Johannes Henrich məruzələrlə çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin, eləcə də Azərbaycana qarşı erməni təcavüzünün tarixi kökləri haqqında, Xocalı soyqırımına dair faktları və statistik məlumatları tədbir iştirakçılarına çatdırmışlar.
Konfransın sonundakı müzakirələrdə dinləyiciləri maraqlandıran suallar cavablandırılmış, münaqişənin həlli yollarına dair aparılan işlərdən danışılmışdır. Konfransda Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırmaq və dünya qurumlarından bu hadisəyə hüquqi qiymət verilməsini tələb etmək Azərbaycan diasporunun əsas vəzifələrindən biri olduğu söylənilmişdir.
Xocalı soyqırımına həsr edilmiş konfransda, həmçinin Türkiyənin Frankfurtdakı baş konsulu İlhan Saygılı, Frankfurt sülh araşdırmalar mərkəzinin əməkdaşı Azər Babayev, Maynsdakı Azərbaycan Cəmiyyətinin üzvləri, Azərbaycan diasporunun və türk icmasının 100-dən cox nümayəndəsi iştirak etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######
![]() |
![]() |

